İctimai Palata AŞPA həmməruzəçilərinin vəzifələrindən azad edilməsini istəyir

İctimai Palata AŞPA həmməruzəçilərinin vəzifələrindən azad edilməsini istəyir
# 20 iyun 2012 16:01 (UTC +04:00)
Bakı – APA. İyunun 20-də İctimai Palatanın Koordinasiya Şurasının (İP KŞ) toplantısı keçirilib. İP-dən APA-ya verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Seçki mühitinin formalaşdırılması ilə bağlı məsələlər əsas müzakirə obyekti olub. Qərara alınıb ki, iyunun 21-də Müsavat Partiyasının qərargahında keçiriləcək “Seçki dinləmələri”nə ölkənin aparıcı müxalifət partiyalarının rəhbərləri, hüquq müdafiəçiləri, hüquqşünaslar, həmçinin Ziyalılar Forumunun təmsilçiləri dəvət edilsin və geniş müzakirələr təşkil olunsun.

KŞ-nin toplantısında AŞPA-nın Azərbaycan üzrə həməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrexin tutduğu vəzifədən azad edilməsi ilə bağlı Avropa Şurasına müraciət hazırlanmasına dair qərar qəbul olunub. KŞ hesab edir ki, sözügedən həmməruzəçilər Avropa Şurasının yox, Azərbaycan hakimiyyətinin mövqeyindən çıxış edirlər.

Toplantıda İctimai Televiziyanın İP-in tədbirlərini işıqlandırmaq və İP-ə efir vaxtı vermək haqqında müraciətinə verdiyi cavab da müzakirə olunub. İctimai Televiziya İP-in iyunun 21-də keçiriləcək “Seçki dinləmələri” mövzusunda dəyirmi masaya dəvət edilib.

Toplantıda “Kür” Vətəndaş Qərargahının Sabirabad rayon koordinatoru İlham Əmiraslanovun məsələsi də müzakirə olunub. Eyni zamanda Müsavat Partiyasının üzvü gənc fəal Sakit Əmiralıyevin həbsi pislənib. Həm İ. Əmiraslanov, həm də S. Əmiralıyevlə bağlı bəyanatlar qəbul olunub.

Müzakirələr zamanı İctimai Palatanın “Avtoritarizmdən demokratiyaya keçidin yumşaq “Yol Xəritəsi”nin ildönümü ilə bağlı sənədin yenidən müzakirə olunması təklifi səslənib və bu haqda müvafiq qərar qəbul olunub.

Daha bir qərar isə Milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin doğum günü ilə bağlı olub. 24 iyun saat 11-də Fəxri xiyabanda Əbülfəz Elçibəyin anım mərasiminin keçirilməsi qərarlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR