Prezident İlham Əliyev: «Bizim vəzifəmiz xalqa xidmət etməkdir»

Prezident İlham Əliyev: «Bizim vəzifəmiz xalqa xidmət etməkdir»
# 20 iyun 2012 21:25 (UTC +04:00)
Dövlət başçısının fikrincə, son 8-9 il ərzində dünyada Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur: “Bütün iqtisadi göstəricilər buna dəlalət edir. Ölkənin iqtisadiyyatı üç dəfə artıb. Sənaye potensialı da üç dəfə artıb. Yoxsulluq beş dəfə azalıb. İşsizlik əhəmiyyətli dərəcədə azalıb və bu gün inkişaf etmiş ölkələrdə olan səviyyədən aşağıdır - 5,4 faizdir. Bu illər ərzində ölkəmizdə bir milyondan artıq iş yeri açılıb. Bu iş yerlərinin mütləq əksəriyyəti daimi iş yerləridir.
Bu proqramların və təşəbbüslərin icrası nəticəsində ölkəmizin uğurlu inkişafına təkan verilib. Hazırda ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində konkret tədbirlər görülür. Bu tədbirlər öz səmərəsini verməkdədir. Beynəlxalq maliyyə qurumları, kredit reytinq agentlikləri Azərbaycandakı vəziyyəti çox müsbət qiymətləndirirlər. Onlar Azərbaycanda əldə edilmiş nailiyyətləri başqa ölkələr üçün də nümunə kimi təqdim edirlər”.

Prezident vurğulayıb ki, dünyada davam edən maliyyə və iqtisadi böhranın fəsadları Azərbaycanda hiss edilməyib: “Azərbaycan vətəndaşlarının maddi rifahı yüksəldi. Azərbaycanda maaşlar, pensiyalar, sosialyönümlü təşəbbüslər ildən-ilə artır, sovet vaxtından qalan əmanətlərin kompensasiya şəklində əhaliyə verilməsi məsələləri həll olunur. İnkişaf etmiş ölkələrdə böhran nəticəsində işsizlik, sosial ədalətsizlik artır, kütləvi iğtişaşlar artıq gündəlik xarakter almışdır. Kütləvi ixtisarlar baş verir. Əmək haqları, pensiyalar kəsilir. Azərbaycanda isə biz bunun əksini görürük. Azərbaycanda sürətli inkişaf, bütün sektorlarda müşahidə olunan canlanma, ildən-ilə sosial məsələlərin həllində əldə edilmiş uğurlar, pensiyaların, əmək haqlarının qaldırılması və keçən il pensiyaların əhəmiyyətli dərəcədə qaldırılması həm sosial ədalət prinsiplərinə uyğundur, eyni zamanda, insanların maddi rifahını yaxşılaşdırmaq üçün çox ciddi vasitədir.
Əlbəttə ki, bizim bu uğurların təməlində iqtisadi islahatlar dayanır. Bu iqtisadi islahatlar bizə imkan verir ki, istənilən sahədə konkret proqramları icra edək. Azərbaycanda icra edilən proqramların özəlliyi ondan ibarətdir ki, bu proqramlar konkret xarakter daşıyır. Bu, hansısa bir şüar xarakteri daşımır, yaxud da ki, təbliğat naminə qəbul edilmir. Hər bir proqramın təməlində konkret vəzifə, maddi resurslar, maliyyə resursları dayanır, əlbəttə ki, texniki imkanlar təhlil edilir. Bizim texniki imkanlarımız da genişlənir. Əlbəttə ki, proqramların icrasını insanlar təşkil edirlər. Əlbəttə, insanların həm peşəkarlığı, həm də ki, öz vəzifə borclarını şərəflə yerinə yetirmələri məsələləri daim diqqət mərkəzindədir. Mən deyə bilərəm ki, ölkəmizdə bütün proqramların tam əksəriyyəti uğurla icra edilir”.

Dövlət başçısı ölkənin gələcək iqtisadi inkişafına çox müsbət baxdığını vurğulayıb: “Çünki artıq əldə edilmiş təcrübə və nəticələr bunu deməyə əsas verir. Bizim strateji baxışlarımız da ölkəmizin hərtərəfli inkişafına yönəldilib. “Azərbaycan: 2020” Proqramı və Dövlət Konsepsiyası hazırlanıb. Eyni zamanda, 2013-2023-cü illəri əhatə edən gələcək inkişaf proqramının konturları artıq müəyyən edilib. Bir müddət bundan əvvəl mən qarşıya vəzifə qoymuşam ki, 2013-2023-cü illərdə Azərbaycanın ümumi daxili məhsulu qeyri-neft sektorunun hesabına iki dəfə artmalıdır. Bu, nəticə etibarilə Azərbaycanı yüksək gəlirli ölkələr sırasına daxil edəcək. Vəzifə məhz belə qoyulub, Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməlidir. Qarşıya bu vəzifə qoyulub və biz bu vəzifəyə çatacağıq.
Bir daha demək istəyirəm ki, ölkəmizin gələcək inkişafı ilə bağlı cəmiyyətdə də heç bir fikir ayrılığı yoxdur. Cəmiyyət, Azərbaycan vətəndaşları təşəbbüslərimizi dəstəkləyir, aparılan siyasəti bəyənirlər. Azərbaycanda hökm sürən sabitlik, vətəndaş həmrəyliyi, vətəndaş birliyi, iqtisadi inkişaf bizim ümumi siyasətimizin təzahürüdür. Siyasi sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ancaq inkişaf özlüyündə həm ölkənin güclənməsinə gətirib çıxarmalıdır, eyni zamanda, ilk növbədə insanların rifah halını yaxşılaşdırmalıdır. Bizdə, Azərbaycanda bu istiqamətdə işlər görülür”.
Prezident çıxışında Proqramdakı infrastruktur məsələlərinə də toxunub: “Prinsip etibarilə Proqramda əsas infrastruktur məsələlərinin - ilk növbədə, su və kanalizasiya layihələrinin həlli nəzərdə tutulur. Ümumiyyətlə, heç vaxt, heç bir dövrdə Bakı qəsəbələrində kanalizasiya sistemi olmayıb. Bakı şəhərində də kanalizasiya sistemi bizim tələblərimizə cavab vermir. Bütün dövrlərdə daim su qıtlığı yaşanıb və insanlar bir növ buna öyrəşmişdilər. Halbuki bu, qeyri-normal vəziyyətdir, içməli su daim olmalıdır. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, istiliklə bağlı məsələlər, yolların çəkilişi - həm qəsəbədaxili, qəsəbələrarası yollar, magistral yollar, sosial obyektlərin tikilməsi, məktəblər, tibb məntəqələri, mədəniyyət ocaqları, idman qurğuları. Yəni, elə bir məsələ yoxdur ki, o proqramlarda öz əksini tapmasın.
Yenə də deyirəm ki, bu Proqramın üstünlüyü ondan ibarətdir ki, dövlət tərəfindən, Prezident tərəfindən təşəbbüs olaraq irəli sürülüb. Ancaq Proqramın tərkibində olan məsələlərin bir çoxu xalq tərəfindən təklif formasında göndərilib. Mən tam əminəm ki, bu Proqramın icrası nəticəsində qəsəbələrdə yaşanan bütün infrastruktur, sosial və iqtisadi problemlər həllini tapacaq.
Bununla yanaşı, biz Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə də dəstək olaraq dövlət büdcəsindən əlavə vəsait ayırmaqla bu vəsaiti qəsəbələrdə iş yerlərinin açılmasına yönəltmişik. Çünki bildiyiniz kimi, əvvəlki dövrdə bu fonddan daha çox bölgələrdə gedən iqtisadi inkişaf məsələləri öz həllini tapırdı. Bu da təbiidir. Çünki məqsədimiz bölgələri canlandırmaq olub. Ancaq qəsəbələrdə də iş yerləri problemi, işsizlik vardır. Beləliklə, bu ildən başlayaraq Fondun vəsaitinin müəyyən hissəsi, təqribən 30-40 faizi qəsəbələrdə yeni müəssisələrin yaradılmasına yönəldilib. Bu məsələ də öz həllini tapmalıdır. Çünki qəsəbələrdə təkcə yol, qaz, işıq, su problemləri deyil, eyni zamanda, işsizlik, məşğulluq məsələləri də öz həllini tapmalıdır”.

Dövlət başçısının sözlərinə görə, Proqramı yerlərdə icra edən qurumlardan da çox şey asılıdır: “Bütün qurumlar, şəhər İcra Hakimiyyəti, İqtisadi İnkişaf Nazirliyi, yerli icra orqanları bu vəzifələrə çox vicdanla yanaşırlar. Əminəm ki, bu yanaşma Proqramın sonuna qədər və ondan sonrakı dövrdə də davam edəcək. Çünki bizim vəzifəmiz xalqa xidmət etməkdir. Biz - dövlət işində işləyən insanlar Prezidentdən tutmuş, ən aşağı səviyyəli məmura qədər insanların xidmətində olmalıyıq. Mən bu vəzifəni, öz vəzifəmi belə başa düşürəm və bu doqquz il ərzində belə işləmişəm. Hər kəsdən də bunu tələb edirəm, vicdanla işləmək, peşəkarlıqla xalqa xidmət etmək, ölkəmizi gücləndirmək, doğma Vətənimizi çiçəkləndirmək lazımdır. Bizim işimizdən çox şey asılıdır. Bugünkü Azərbaycan xalqı zəhməti hesabına güclənir. Əlbəttə ki, xalq tərəfindən dəstəklənən iqtidar bu inkişafı öz siyasəti ilə şərtləndirir.
Bütün istiqamətlər üzrə konkret proqramımız, bütün məsələlərlə bağlı fikirlərimiz var. Azərbaycan reallıqları onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Biz bundan sonra da milli maraqlarımızın qorunması üçün həm beynəlxalq arenada, həm bölgədə, həm də əlbəttə ki, ölkə daxilində siyasətimizi davam etdirəcəyik. Bu siyasət bir daha demək istəyirəm ki, xalqın iradəsinə əsaslanır. Bu siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının həyat şəraitini yaxşılaşdırmaq üçün bütün dövlət qurumları daha da fəal işləməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR