Azərbaycan prezidenti: “Bakının yeni simvolları Azərbaycanın inkişaf dinamikasını göstərən abidələrdir”

Azərbaycan prezidenti: “Bakının yeni simvolları Azərbaycanın inkişaf dinamikasını göstərən abidələrdir”
# 20 iyun 2012 22:23 (UTC +04:00)
Prezident sözügedən Dövlət Proqramının müddətinin qısa olduğunu bildirib: “Biz bu Proqramın icra müddətini uzada da bilərdik. Çünki doğrudan da, iki il yarım ərzində bu qədər işlərin görülməsi çox böyük səfərbərlik və peşəkarlıq tələb edən məsələdir. Ancaq mən hesab edirəm ki, əgər biz indiki templəri saxlaya bilsək, proqramda nəzərdə tutulmuş bütün məsələləri gələn ilin sonuna qədər həll edə biləcəyik. Bunu etmək üçün və xüsusilə əlavə tədbirlərin görülməsi ilə bağlı yeni maliyyə resurslarını əldə etmək üçün biz əlbəttə ki, gələn ilin dövlət büdcəsində investisiya proqramında bu məqsədləri təmin etməklə əlaqədar daha da böyük məbləğ nəzərdə tutmalıyıq.
Bu il iqtisadi göstəricilərimiz müsbətdir. Ona görə büdcədə əlavə vəsait yaranıb. Bildiyiniz kimi, bu vəsaitin böyük hissəsi zəlzələdən əziyyət çəkmiş insanların yaşayış səviyyəsinin yaxşılaşmasına yönəldilib. Şimal-qərb bölgəsində baş vermiş güclü zəlzələ minlərlə evi yararsız vəziyyətə salıb və insanlar böyük çətinliklər çəkirlər. Ona görə büdcədə yaranmış əlavə vəsait ilk növbədə, o insanların problemlərinə yönəldilib. Yeni tədris ilinə qədər onlarla yeni məktəb tikilməlidir. Minlərlə ev bərpa edilməlidir. Ancaq bununla bərabər, Bakıətrafı qəsəbələrin inkişafına müəyyən məbləğ nəzərdə tutulub”.

Dövlət başçısının sözlərinə görə, əsas maliyyə yükü gələn ilə düşəcək: “Gələn il biz elə etməliyik ki, maliyyə problemlərimiz olmasın. Əgər ölkəmizin ümumi iqtisadi inkişafını biz təmin edə bilsək, - mən buna şübhə etmirəm, - bizdə maliyyə problemi olmayacaq. Qarşımızda təkcə bu maliyyədən səmərəli istifadə etmək, işi keyfiyyətlə və vaxtında görmək məsələləri dayanacaq. Bu məqsədlərə çatmaq üçün Proqramın icrası ilə bağlı əlaqələndirmə işləri daha da gücləndirilməlidir. Çünki proqramın icrasında həm şəhər və rayon icra orqanları, eyni zamanda, dövlət qurumları fəal iştirak edirlər. Bu qurumlar arasındakı əlaqələndirmə işlərini daha da keyfiyyətli şəkildə təmin etmək üçün böyük diqqət göstərilməlidir”.

Prezident Proqramın icrasına nəzarət mexanizminin gücləndirilməsinin vacibliyini qeyd edib: “İşlərin böyük əksəriyyəti keyfiyyətlə görülür. Ancaq son bir il ərzində - keçən ilin may ayından bu günə qədər keçən dövr ərzində siqnallar gəlib ki, bəzi işlər keyfiyyətsiz görülür. Məktəblər keyfiyyətsiz tikilir. İşlər keyfiyyətsiz görülür. Əlbəttə ki, burada ciddi nəzarət olmalıdır. Keyfiyyətə nəzarət olmasa, bu işin heç bir əhəmiyyəti olmayacaq. Biz əlbəttə ki, bütün işləri qısa müddət ərzində görməliyik, ancaq böyük keyfiyyətlə. Ayrılan vəsaitə də qənaətlə yanaşmaq lazımdır. Ən səmərəli yanaşma burada tətbiq edilməlidir. Görüləsi işlər hələ çoxdur”.

Prezident çıxışında infrastruktur məsələlərinə, xüsusən uşaq bağçalarının vəziyyətinə xüsusi diqqət yetirib: “Bu sahədə hələ görüləsi işlər çoxdur. Çünki indiki uşaq bağçalarının, burada olan uşaqların sayı bizi qane etmir. Məndə olan məlumata görə bu, Bakı şəhərinin tələbatının təqribən 20 faizini təşkil edir. Yəni, əgər biz indi bərbad vəziyyətdə olan mövcud uşaq bağçalarını bərpa etsək belə, yenə də bu, problemin həlli deyildir. Problemin həlli ondadır ki, yeni uşaq bağçaları tikilsin. Yaxşı ki, vaxtilə tikilmiş uşaq bağçaları böyük ərazini əhatə edir. İndi həmin ərazidə yeni korpuslar tikilə bilər. Bu da bir yoldur.
Digər yol ondan ibarətdir ki, - bu da bizim digər proqramlarımızla uzlaşır, - “Qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”nda erməni işğalından əziyyət çəkmiş soydaşlarımızın köçürülməsi məsələləri dayanıb. Bu Proqram da icra edilir. Bildiyiniz kimi, çadır şəhərcikləri artıq beş ildir ki, ləğv edilib. İndi yataqxanalarda məskunlaşmış soydaşlarımızın evlərə köçürülməsi prosesi gedir. Fin evlərində, o cümlədən uşaq bağçalarında yaşayan köçkünləri də biz normal şəraitlə təmin etməliyik. Bu vəzifə də qarşıya qoyulub və hesab edirəm ki, bu konfransdan sonra bu məsələyə daha da ciddi diqqət göstərilməlidir. Həm Qaçqınkom, həm Bakı Şəhər İcra Hakimiyyəti birgə baxsınlar, bir cədvəl tutsunlar ki, biz soydaşlarımızı o uşaq bağçalarından yeni evlərə köçürək, bu bağçaları isə uşaqların sərəncamına verək. Elə hallar var ki, bağçanın bir hissəsində uşaqlar qalır, bir hissəsində isə qaçqın ailələri. Buna artıq dözmək olmaz. Amma yenə də deyirəm, biz köçkünləri ancaq o vaxt köçürə bilərik ki, onlar üçün lazımi şərait yaradılsın.
Mən çox narahatam və narahat idim ki, gələn siqnallar da onu göstərir, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də, onlar da verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır. Mən son müddət ərzində dəfələrlə uşaq bağçalarında vəziyyətlə tanış olmuşam və eyni zamanda, bu yemək məsələləri ilə də maraqlanmışam. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilibdir və çox ciddi göstərişlər verilmişdir ki, yemək məsələləri birinci planda olmalıdır. Mən valideynlərdən xahiş edirəm, əgər hər hansı bir bağçada yeməklə problem varsa, ya verilmir, ya keyfiyyətsiz verilir, Prezident Administrasiyasına və Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadi İnkişaf Nazirliyinə məlumat versinlər ki, biz bu məsələləri də həll edək. Uşaq bağçalarının hamısı təmirli olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir ki, uşaqlarımız sağlam böyüsünlər.
Proqramda səhiyyə məsələlərinin həlli də nəzərdə tutulur. Əlavə tibb məntəqələri, xəstəxanalarla bağlı, - burada qeyd olundu, vətəndaşların xahişi nəzərə alınmışdır - Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır ki, təxirəsalınmaz tədbirlər görülsün. Ancaq əlbəttə ki, əsas işlər dövlət büdcəsinin xətti ilə görülür. Elə etməliyik ki, biz səhiyyə məntəqələrinin fəaliyyətini yaxşı səviyyədə saxlayaq. Ona nə qədər lazımdırsa vəsait ayrılacaq ki, bütün qəsəbələrdə keyfiyyətli tibbi xidmət göstərilsin”.

Dövlət başçısı Bakının əslində sənaye şəhəri kimi formalaşdığını vurğulayıb: “Təsadüfi deyil ki, şəhərin mərkəzində çoxlu sənaye obyektləri, zavodlar, fabriklər var ki, bunlar da bizim indiki yanaşmamıza uyğun gəlmir. Ancaq biz bu sahəyə də diqqət veririk. Yeni yanaşma ondan ibarətdir ki, köhnəlmiş sənaye obyektləri şəhərin mərkəzindən çıxarılsın. Bu proses gedir, köçürmələr davam edir. Burada mən deyə bilərəm ki, çox güclü iradə göstərilmişdir. Bəzi hallarda müqavimət də var idi. Bizim Bakı ilə bağlı planlarımız bəzi hallarda bəzi vətəndaşlar tərəfindən o qədər də dərk edilmirdi. Ancaq bugünkü Bakının gözəlliyi, yeni yaradılmış şərait göstərir ki, vaxtilə qəbul edilmiş qərarlar düzgün qərarlar idi.
Vaxtilə köhnəlmiş, fəaliyyət göstərməyən sənaye müəssisələrinin yerində gözəl binalar, ictimai yerlər yaradılıb, parklar salınıb.
O ki qaldı şəhərimizin sənaye inkişafına verilən diqqətə, bu, yüksək səviyyədədir. Bakı sənaye şəhəri kimi, əlbəttə ki, inkişaf etməlidir. Yeni, böyük sənaye obyektləri, - mən bu barədə əvvəllər də fikrimi bildirmişəm, - Qaradağ rayonu ərazisində tikilməlidir. Orada böyük ərazi vardır. İndi orada böyük sənaye müəssisələri, sement zavodu, başqa zavodlar tikilir. Neft Şirkəti Qaradağ rayonu ərazisində böyük neft-kimya kompleksi tikəcək. Ələtdə yeni Dəniz Ticarət Limanı, gəmiqayırma zavodu tikilir. Yəni, biz Bakı sənayesini daha çox Qaradağ rayonunun ərazisində yerləşdirməliyik. Texnoparkların yaradılması məsələləri də bu məqsədə xidmət etməlidir.
Texnoparklara gəldikdə, həm Bakıda, Sumqayıtda, Gəncədə bu proses gedir. Bu, bizə imkan verəcək ki, giriş sözümdə dediyim kimi, 2023-cü ilə qədər qeyri-neft sənayesinin inkişafı hesabına ümumi daxili məhsulu iki dəfə artıraq”.

Prezident öz çıxışında görülən ekoloji tədbirlərə də toxunub: “Bakının ekoloji vəziyyəti bizi qane edə bilməz. Bu, reallıqdır. Əfsuslar olsun ki, əsrlər boyu Bakı sənaye şəhəri formalaşıb, xüsusilə neft sənayesi burada yaranıb. Həmişə şəhər ekoloji cəhətdən çox ağır vəziyyətdə idi. Sovet dövründə müəyyən standartlar var idi, sovet standartları var idi. O standartlar gözlənilirdi. Amma indi biz bilirik ki, o standartlar dünya standartlarına əlbəttə, uyğun deyildir.
Postsovet dövründə, xüsusilə ilk illərində maliyyə vəziyyətimiz çox ağır idi. Bizim çox böyük ehtiyacımız var idi. Biz bu məsələlərə lazımi qədər vəsait ayıra bilmirdik. İndi isə biz bunu edirik, etməliyik və bütün sahələr üzrə konkret tapşırıqlar verilib.
Burada qeyd edildi, Balaxanıda poliqon yaradılıb. Vaxtilə Balaxanı zibilxanasından qalxan tüstü bütün şəhəri bürüyürdü, zəhərləyirdi. İndi ora gözəl bir parkdır. Məişət tullantıları emalı zavodunun tikintisi nəticəsində artıq bu məsələlər öz həllini tapacaq”.

Çıxışının sonunda prezident İlham Əliyev Bakıda qədimiliklə müasirliyin uğurla uzlaşdığını bildirib: “Şəhərimizin tarixi abidələrinin qorunması yüksək səviyyədədir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Bakı qədim, tarixi və müasir şəhərdir. Bakıda tarixi gözəllik, memarlıq abidələrimiz və qədim Bakının siması müasir Bakının siması ilə uzlaşır. Amma bizim məqsədimiz elə ondan ibarət idi ki, Bakının qədim simasını saxlamaqla, bütün tarixi abidələri bərpa etməklə yanaşı, müasir Bakımızın yeni simasını da yaradaq və buna nail olduq. Bu gün artıq Bakının yeni simvolları, rəmzləri var. Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, “Alov qüllələri”, “Bakı Kristal Sarayı”- bunlar Bakımızın yeni simvollarıdır, Azərbaycanın inkişaf dinamikasını göstərən abidələrdir.
Bakı doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir. Mən demişəm, bir daha demək istəyirəm ki, vaxt gələcək deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR