Sərdar Cəlaloğlu: “Klintonun müxalifətlə görüşməməsi ABŞ-ın Azərbaycanda seçkilərə münasibəti kimi dəyərləndirilməlidir”

Sərdar Cəlaloğlu: “Klintonun müxalifətlə görüşməməsi ABŞ-ın Azərbaycanda seçkilərə münasibəti kimi dəyərləndirilməlidir”
# 21 iyun 2012 11:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İctimai Palatanın (İP) təşəbbüsü ilə keçirilən “Seçki dinləmələri” mövzusunda tədbirdə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun müxalifətin fəaliyyətinə yönələn tənqidi fikirləri ciddi etirazla qarşılanıb.

APA-nın məlumatına görə, yığıncaqda çıxış edən ADP sədri Sərdar Cəlaloğlu deyib ki, müxalifət bu tərkibdə seçki məsələsinin müzakirələrə çıxarılmasına gecikib. O qeyd edib ki, müxalifət demokratik mühitdən uzaqda qaldığından, bu dəyərlərdən də kənarlaşıb: “Əvvəla onu deyim ki, biz ilk növbədə müdafiə etdiyimiz dəyərlərə hörmət etmirik. Hərə öz reytinqi ilə məşğul olur, ortada isə xalq və demokratiya uduzur”.

S. Cəlaloğlu bildirib ki, ABŞ dövlət katibi Hilları Klintonun Azərbaycan səfəri zamanı bəzi məqamlara da aydınlıq gəlib: “Hillari Klintonun müxalifətlə görüşməməsi ABŞ-ın seçkilərə münasibəti kimi dəyərləndirilməlidir. Bu, müxalifətə heç bir dəstəyin olmayacağına ismarışdır”. ADP sədri İnsan Haqları üzrə Avropa Məhkəməsinin Azərbaycanla bağlı məsələlərə münasibətini də tənqid edib”.

S. Cəlaloğlunun bu çıxışına əvvəlcə tədbirin aparıcısı, İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal etiraz edib: “Sərdar bəy çox pessimist notlarda çıxış etdi. Bununla da aydın oldu ki, niyə insanlar ADP-nin sıralarını tərk edir”. V. Mirkamal əlavə edib ki, bu pessimist notları dinləyərkən ya insan bu ölkədən getmək, ya da hakimiyyəti sevmək istəyir.

S. Cəlaloğlunun çıxışına növbəti etiraz isə Müsavat Partiyasının başqanı İsa Qəmbərdən gəlib. O deyib ki, toplantıda bu qədər səmərəli müzakirələr aparılıb. Bəzi məsələlər sistemli şəkildə təqdim olunub və yeni yanaşmalar açıqlanıb. İ. Qəmbər S. Cəlaloğlunun çıxışından təəccübləndiyini də bildirib: “Hər halda hesab edirəm ki, İctimai Palata bu dinləməni təşkil etməklə qarşısına qoyduğu məqsədə nail oldu. Məsələnin siyasi tərkib hissəsi var və bunu nəzərdən qaçırmaq niyyətində deyilik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR