İctimai Palata “Seçki dinləmələri” mövzusunda dəyirmi masa təşkil edib

İctimai Palata “Seçki dinləmələri” mövzusunda dəyirmi masa təşkil edib
# 21 iyun 2012 11:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün İctimai Palata (İP) “Seçki dinləmələri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə partiya rəhbərləri, hüquq müdafiəçiləri, hüquqşünaslar və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib.

Toplantını aparan İP Koordinasiya Şurasının (KŞ) üzvü Vidadi Mirkamal deyib ki, yay aylarında bir neçə belə dinləmənin keçirilməsinə dair proqram hazırlanıb və seçki ilə bağlı tədbirlər davamlı olaraq keçiriləcək.

Əvvəlcə seçki üzrə ekspertlər - Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov, İP Koordinasiya Şurasının katibi Gülağa Aslanlı və Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov çıxış ediblər.

H. Həsənov deyib ki, hazırkı Seçki Məcəlləsi ilə bağlı bəzi demokratik rəy və təkliflərin ictimailəşdirilməsi və tələblərin sistemləşdirilməsi üçün işçi qrup yaradılmalıdır. O, hökumətin bu məsələlərin həllində maraqlı olması üçün Avropa Şurası Venesiya Komissiyasına müraciət edilməsinin zəruriliyini vurğulayıb: “ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosuna da müraciət edilə bilər. Bu qurumun seçki məsələsində fəaliyyəti yoxdur. Fikrimcə, bu qurumu işlətmək lazımdır. Seçkidən-seçkiyə bu işə diqqət ayırdığımız üçün nəticə yoxdur. Bu məsələ daim gündəmdə saxlanılmalıdır”.

G. Aslanlı ATƏT-in seçki ilə bağlı 24 təklifinə dair qanun layihəsinin Müsavat Partiyası tərəfindən ötən il hazırlandığını söyləyib. Onun sözlərinə görə, bu qanun layihəsinin müvafiq beynəlxalq və hökumət qurumlarına göndərmək lazımdır.

M. Hüseynov isə deyib ki, demokratik seçkinin keçirilməməsi probleminin həllinin açarı seçki komissiyalarındadır: “Bu məsələ həll olunmadan demokratik seçkinin keçirilməsi mümkün deyil”.

AXCP sədri, İP KŞ üzvü Əli Kərimli bu yığıncağı müxalifətin ümummilli konsensus əldə etməsi üçün atdığı addım hesab edib.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə yay aylarında məsləhətləşmələrin aparılmasının əhəmiyyətini vurğulayıb və bu prosesə ATƏT rəhbərliyinin cəlb edilməsinin zəruriliyini qeyd edib.

İP KŞ üzvü Pənah Hüseyn bildirib ki, bu prosesə ölkənin ziyalıları və demokratik qüvvələri öncüllük etsə, uğur əldə oluna bilər.

ADP sədri Sərdar Cəlaloğlu isə çıxışını daha çox müxalifətin tənqidi kontekstində qurub, onun fikirləri etirazla qarşılanıb.

Yığıncaqda çıxış edən Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli, hüquqşünas Qurban Məmmədov, Müsavat Partiyasının başqanı İsa Qəmbər və digərləri bu mövzuda dinləmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Toplantıda seçki ilə bağlı işçi qrupun formalaşdırılması təklifi də bəyənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR