Arif Hacılı: “Azadlığa buraxılmağımız gözlənilməz olmadı” – MÜSAHİBƏ

Arif Hacılı: “Azadlığa buraxılmağımız gözlənilməz olmadı” – <font color=red>MÜSAHİBƏ</font>
# 22 iyun 2012 17:31 (UTC +04:00)
- Özünüzü necə hiss edirsiniz?

- Həbsxanadan çıxmaq çox böyük xoşbəxtlikdir. Bu hisləri yaşamaq çox xoşdur. Həbs olunduğum gündən tezliklə azadlığa çıxacağımı düşünürdüm. Çünki həbsdə olanda daim bizim tezliklə azadlığa çıxacağımız barədə xəbərlər yayılırdı. Ona görə biz də ümid edirdik ki, tezliklə azadlığa buraxılacağıq. Ona görə də azadlığa buraxılmağımız açığı gözlənilməz olmadı. Əksinə daha dəqiq ifadə olardı ki, çoxdan gözlədiyimiz hadisə nəhayət ki, baş verdi.

- Həbsinizlə bağlı hüquqi prosesi davam etdirəcəksinizmi?

- Bəli, bu proses nəzərdə tutulur. Məndə olan məlumata görə, yaxın günlərdə həbsimlə bağlı məsələ İnsan Haqları üzrə Avropa Məhkəməsi səviyyəsinə qaldırılıb.

- Həbsdə olduğunuz müddətdə də siyasi proseslərdən kənarda qalmadınız. Bununla belə, yəqin ki, yenidən aktiv siyasi fəaliyyətə dönəcəksiniz?

- Razıyam ki, siyasətdən kənarlaşmamışam. Sadəcə olaraq aktiv siyasi fəaliyyətdən təcrid olunmuşdum. Bu təcridə son verilib və mən öz aktiv siyasi fəaliyyətimi davam etdirəcəyəm. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri kimi Azərbaycan siyasətində mühüm vəzifə daşıyıram və çalışacağam ki, həbsdə olduğum müddət ərzində boş qalan yerimi dərhal doldurum.

- Müsavat Partiyasının qurultayının keçirilməsi gündəmdədir. Qurultayı sizdəmi səbirsizliklə gözləyirsiniz?

- Müsavat Partiyasının qurultayı onun nizamnaməsinə uyğun olaraq keçiriləcək. Yəqin ki, hakimiyyət dairələri müvafiq yer ayırdıqdan sonra qurultay baş tutacaq. Mən bu günlərdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun bu barədə açıqlaması ilə tanışam. Hesab edirəm ki, hakimiyyət dairələri də Müsavat Partiyasına qurultay üçün yer ayırmaq qərarına gəlib. Yəqin ki, yaxın vaxtlarda yer ayrılacaq və qurultay keçiriləcək.

- Müsavat başqanı vəzifəsinə namizədliyinizi irəli sürməyi düşünürsünüzmü?

- Mən qurultay nümayəndəsiyəm və əvvəlcə bu statusla ali toplantıda iştirak edəcəyəm. Biz bu məsələlər ətrafında bir daha müzakirələr aparacağıq. Müsavat Partiyasının, cəmiyyətin və demokratik düşərgənin mənafeləri bunu tələb edərsə, başqanlığa namizədliyimin irəli sürülməsini istisna etmirəm. Ancaq hesab etmirəm ki, bu məsələ mənim üçün “olmazsa-olmaz” məsələsidir. Çünki mən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri kimi də kifayət qədər yüksək görəv daşıyıram və öz siyasi iradəmi, düşüncələrimi həyata keçirmək üçün ciddi səlahiyyətlərə malikəm.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR