İsa Qəmbər Müsavatın qurultayını Gürcüstanda keçirmək istəməsinin səbəblərini açıqlayıb

İsa Qəmbər Müsavatın qurultayını Gürcüstanda keçirmək istəməsinin səbəblərini açıqlayıb
# 24 iyun 2012 16:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müsavat Partiyası qurultayı keçirməyə hazırdır. Aydın məsələdir ki, qurultayı vətənimizdə keçirmək istəyindəyik. Əgər 100 illik tarixi olan Müsavat Partiyasına layiqli yer ayrılmayacaqsa, qurultayın keçirilməsinin başqa yolunu tapacağıq”.

APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının Məclisinin yığıncağında partiyanın başqanı İsa Qəmbər deyib. O bildirib ki, qurultayın Gürcüstanda keçirmək istəyi hökumətə təzyiq vasitəsi deyil: “Azərbaycanın cümhuriyyəti Tiflisdə qurulub, müstəqilliyimiz o şəhərdə bəyan olunub və ilk hökumətimiz orada təsis edilib. Böyük dövlət adamlarımızın, ictimai-siyasi xadimlərimizin həyat və yaradıcılığı Tiflislə bağlıdır. Təsadüfü deyil ki, Azərbaycanla strateji birliyə bu qədər önəm verən Gürcüstan rəhbəri Mixael Saakaşvili də Azərbaycan Milli Məclisində çıxış edərkən cümhuriyyət dövrünü xatırlayıb.

Eyni zamanda Azərbaycanın hökumət nümayəndələri bizim qurultayı Gürcüstanda keçirmək niyyətimizdən narahat olublar. Digər tərəfdən də təklif verirlər ki, qurultayı “Baku Crystal Hall”da da keçirə bilərik. “Baku Crystal Hall” bizim cibimizə uyğun gəlsə və 3-5 min nəfərlik qurultay keçirmək üçün şərait yaradılsa, orada da keçirə bilərik. Amma bizim 25 min nəfərlik qurultay keçirmək istəyimiz yoxdur”.

İ. Qəmbər qeyd edib ki, partiyanın qurultayının keçirilməsi üçün Bakıda uyğun yerlər var və hakimiyyətin normal yer ayırması indiki şəraitdə tamamilə düzgün addım olardı: “Hakimiyyət xoş məram göstərib, bizə uyğun yer təklif edəcəksə, doğma Bakımızda, etməyəcəksə, qurultayımızı doğma Tiflisimizdə keçirəcəyik. Təbii ki, qurultayın Tiflisdə keçirilməsinin çətinlikləri də var. Hər halda yaxın vaxtlarda son qərarımızı verib, qurultayı keçirəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR