ASDP-nin XII qurultayı keçirilir

ASDP-nin XII qurultayı keçirilir
# 30 iyun 2012 08:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) XII qurultayı işinə başlayıb.

APA-nın məlumatına görə, partiyanın həmsədri Araz Əlizadə deyib ki, qurultaya 172 nümayəndə seçilib, onlardan 115-i toplantıda iştirak edir. Qurultayda Macarıstan, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Qazaxıstan və Belarusdan 13 müttəfiq partiyanın rəhbərləri, o cümlədən “Sosintern”in MDB, Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsi üzrə həmsədri Alexsandrasilla Dobolyi iştirak edir.

Sonra A. Əlizadə partiyanın həmsədri, eks-prezident Ayaz Mütəllibovun partiyanın rəhbərliyindən və siyasətdən getməklə bağlı qərarı ilə bağlı məktubunu qurultay iştirakçılarının diqqətinə çatdırıb. Məktubda Ayaz Mütəllibov partiyanın həmsədrliyindən və siyasətdən kənarlaşması ilə bağlı qərarını əsaslandırıb: “Siyasi fəaliyyətim dövründə həmişə etimadı doğrultmağa çalışmışam. Azərbaycanda eks-prezidentlər haqqında qanunun qəbulu isə mənim ölkəyə dönməyimə imkan yaradır. Ölkəyə döndükdən sonra ailə problemlərimlə məşğul olmaq, mühacirətdə olduğum müddətdə çəkdiyim iztirablara son qoyaraq şəxsi fəaliyyətimlə məşğul olmaq qərarına gəlmişəm”. A. Mütəllibov vətəndaş hüquqlarının qorunması istiqamətində fəaliyyətinə görə partiyadaşlarına və onu dəstəkləyən insanlara da minnətdarlığını bildirib.

Sonra qurultayda Ukrayna prezidenti Viktor Yanukoviçə müraciət qəbul olunub. Müraciətdə prezidentdən ölkədə həbsdə olan Sosial Demokrat Partiyasının üzvlərinin, o cümlədən siyasi məhbusların azadlığa buraxılması xahiş edilib.

Daha sonra qurultayda fasilə elan olunub və toplantı iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanı ziyarət etməyə gediblər.

Qeyd edək ki, qurultayın ikinci hissəsində partiyada təşkilatı məsələlərə baxılacaq, qurumun sədri və digər seçkili orqanlarına seçki keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR