Azərbaycanda “NATO həftəsi” keçiriləcək

Azərbaycanda “NATO həftəsi” keçiriləcək
# 21 may 2007 11:48 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, “NATO həftəsi” ənənəvi olaraq 2003-cü ildən keçirilir. Məqsəd geniş ictimaiyyətə Avro-Atlantika tərəfdaşlığı və Azərbaycanın bu sahədə gördüyü işlər barədə məlumat verməkdir. Bu məqsədlə beynəlxalq kütləvi tədbirlər, o cümlədən tərəfdaşlığın müxtəlif aspektlərinə həsr edilmiş ekspert görüşləri keçirilir. Həftə çərçivəsində iyulun 9-dan 14-dək NİSA-nın (NATO İnternational School of Azerbaijan) yay sessiyası keçiriləcək. Sessiya “Enerji təhlükəsizliyi və mühüm infrastrukturların mühafizəsi” mövzusunda olacaq. 50-dək yerli və əcnəbi gəncin iştirak edəcəyi sessiyada NATO ekspertləri, habelə yerli ekspertlər enerji təhlükəsizliyi sahəsində mühazirələr oxuyacaqlar. Sessiya çərçivəsində enerji infrastrukturlarının təhlükəsizliyinə həsr olunmuş simulyasiyanın keçirilməsi də nəzərdə tutulur. İyulun 10-11-də isə enerji infrastrukturlarının təhlükəsizliyi üzrə AATŞ kollokvium keçirəcək. Kollokviumda enerji infrastrukturlarına olan təhdidlər və risklər, təhlükəsizliyin regional və beynəlxalq aspektləri, təhlükəsizliyin təmin olunmasında texnoloji yeniliklər, təhlükəsizliyin maliyyə qiymətləndirilməsi kimi məsələlər müzakirə olunacaqdır. Tədbirdə beynəlxalq və yerli ekspertlərin iştirakı nəzərdə tutulur. “NATO həftəsi” çərçivəsində dövlət qurumlarının mətbuat katibləri və jurnalistlər üçün seminar da nəzərdə tutulub. Tədbir zamanı Avro-Atlantika təhlükəsizliyi, NATO-Azərbaycan münasibətlərini nizamlayan proqram və çərçivələr, NATO-nun ictimai əlaqələr sahəsində təcrübələri haqqında məlumat veriləcək. NATO İnformasiya ofislərinin nümayəndələrinin görüşünün keçirilməsində isə başlıca məqsəd digər tərəfdaş ölkələrdə fəaliyyət göstərən NATO İnformasiya Mərkəzlərinin rəhbərləri ilə yaxından tanış olmaq və gələcəkdə İnformasiya mərkəzləri arasında sıx əməkdaşlığın əsasını qoymaqdan ibarətdir. Bundan əlavə, effektiv ictimai məlumatlandırma mexanizmləri ilə əlaqədar fikir və təcrübə mübadiləsinin aparılması və İnformasiya Mərkəzlərinin işinin səmərəli təşkil olunması məsələlərinin müzakirəsi gündəmdə olacaq.
“NATO həftəsi” çərçivəsində Gəncədə Avro Atlantik Məlumat Mərkəzi də açılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR