“Aqo” qrupu Azərbaycanda görüşlər keçirir - YENİLƏNİB

“Aqo” qrupu Azərbaycanda görüşlər keçirir - <font color=#FF0000>YENİLƏNİB</font>
# 05 iyul 2007 12:07 (UTC +04:00)
AXCP sədri Əli Kərimli APA-ya bildirib ki, görüşdə mətbuatın və müxalifətin durumu, söz azadlığı, jurnalistlərin həbsi, Seçki Məcəlləsi, siyasi partiyalara qarşı məhdudiyyətlər, 2008-ci ildə keçiriləcək prezident seçkilərlə bağlı müzakirələr aparılıb. Görüşdə daha çox seçki komissiyalarının tərkibi, “Sərbəst toplaşma azadlığı” haqqında qanun və digər seçki islahatları ilə bağlı müzakirələr aparılıb. AXCP sədrinin sözlərinə görə, onların söylədikləri problemlərə münasibət bildirən qrup üzvləri qaldırılan məsələləri hakimiyyət dairələri ilə görüşlərdə müzakirə edəcəklərini söyləyiblər: “Aqo qrupu üzvləri seçki komissiyalarının tərkibinin dəyişdirilməsinin zəruri olduğunu vurğuladılar”.
Müxalifət təmsilçilərindən sonra qrupun hüquq-müdafiəçiləri ilə görüş keçirilib. Helsinki Vətəndaş Assambleyasının Azərbaycan bürosunun sədri Arzu Abdullayeva, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov, “Azad və Ədalətli Seçkilər Uğrunda” QHT koalisiyasının katibi Çingiz Dadaşov və “Qanun və İnkişaf” təşkilatının sədri Hafiz Həsənov iştirak edib. A. Abdullayeva görüşdə söz azadlığı, “Sərbəst toplaşma azadlığı haqqında” qanun, seçki komissiyalarının tərkibi, seçici siyahıları ilə bağlı müzakirələrin aparıldığını deyib: “Biz bu müzakirələr nəticəsində Seçki Məcəlləsinə dəyişiklik gözləyirik. Hazırkı Məcəllədə seçicilərin ünvanı göstərilir, amma biz bu ünvanların göstərilməməsini istəyirik. Həmçinin, seçki komissiyalarının tərkibinin dəyişməsi önəmlidir”. Aqo qrupunun üzvləri rəylərində bu fikirləri nəzərə alacaqlarını söyləyiblər.
Bir qrup QHT nümayəndəsi də Bakıda qrupla görüşüb. Görüşdə Konstitusiyanı Müdafiə Fondunun rəhbəri Əliməmməd Nuriyev, Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, Transparency İnternational Təşkilatının Azərbaycan üzrə koordinatoru Rəna Səfərəliyeva, hüquq müdafiəçisi Eldar Zeynalov iştirak edib. Ə. Nuriyev APA-ya açıqlamasında bildirib ki, görüşdə Azərbaycanda məhkəmə hakimiyyəti, bu sahədə olan problemlərlə bağlı müzakirələr aparılıb. Fond rəhbəri ölüm cəzası almış şəxslərlə bağlı cinayət işləriyə yenidən baxılması, vəkilliklə bağlı, qəbul olunan qərarların nə qədər ədalətli olmasına diqqət yetirildi: “Onlar bizim fikirlərimizi dinlədilər və hökumət nümayəndələri ilə görüşlərdə bu məsələlərlə bağlı müzakirə aparacaqlarını qeyd etdilər”.
Qrupa sədr qismində Avropa Şurası yanında İsveçin daimi nümayəndəsi Per Syöqren, həmçinin Almaniya səfiri Eberhard Kölş, Fransa səfiri Bruno Qen, Latviya səfiri Peteris Elferts, Rumıniya səfiri Stelian Stoian və Rusiya səfiri Aleksand Alekseyev daxildir. Onları AŞ katibliyinin əməkdaşları K. Puarel, İ. Aarnio-Lvoff və C. B. Çeliento tərəfindən müşayiət edir. “Aqo” qrupu ilə görüşlərdə əsasən Azərbaycanla Avropa Şurası arasında əlaqələrin cari vəziyyəti, öhdəliklərin yerinə yetirilməsi, o cümlədən seçki qanunvericiliyi, yerli hakimiyyət orqanlarının fəaliyyəti, məhkəmələrin müstəqilliyi və fəaliyyəti, mətbuat azadlığı, Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olacaq.
Qeyd edək ki, qrupun Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər nazirinin müavini Araz Əzimov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşəcəyi, eləcə də ədliyyə naziri, baş prokuror, Konstitusiya və Ali məhkəmələrin sədrləri, Vəkillər Kollegiyasının sədri və İnsan Hüquqları üzrə Müvəkkilin iştirakı ilə “Məhkəmə sisteminin fəaliyyəti ilə bağlı” dəyirmi masada iştirak edəcəyi gözlənilir.
Qrupun səfəri bu ayın 7-ə qədər davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR