Əvəz Temirxan: “Demokratik şərait yaranmasa, seçkilər boykot edilməlidir”

Əvəz Temirxan: “Demokratik şərait yaranmasa, seçkilər boykot edilməlidir”
# 07 iyul 2007 11:14 (UTC +04:00)
“Kimsə “Azadlıq” blokuna qarşı kampaniya aparmaqla ona zərbə vurmağa çalışırsa, buna nail ola bilməyəcək. Əksinə, bu kimi kampaniyalar blokun xeyrinə işləyir”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun üzvü, Azərbaycan Liberal Partiyasının (ADP) sədr əvəzi Əvəz Temirxan digər müxalifət partiyalarının nümayəndələrinin blokun boykot taktikasına qarşı səsləndirdiyi ittihamları cavablandırarkən deyib. “Azadlıq” blokuna qarşı təbliğat aparan mətbu orqanların fəaliyyətini təqdirəlayiq hesab etməyən Ə. Temirxan bəzi siyasətçilərin blokun boykotla bağlı mövqeyini düzgün başa düşmədiyini vurğulayıb. Onun sözlərinə görə, blok seçkidən öncə demokratik şəraitin yaranmayacağı halda, seçkinin boykot olunması təklifini irəli sürüb: “Seçki qanunu dəyişməsə, biz bu addımı atacağıq. Təəssüf edirəm ki, bəzi partiyaların nümayəndələri blokun bu xoş niyyətini, öz marağını qurban vermək addımını doğru başa düşməyiblər”.
Ə. Temirxan seçkilərin boykot olunmaması üçün partiyaların birgə fəaliyyət göstərməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda seçkilərin demokratik keçirilməməsi nəticələrin saxtalaşdırılması, bəzi Qərb dövlətləri və beynəlxalq təşkilatların riyakarlığı, müxalifətin bir qisminin siyasi alverə getməsi və seçicilərin əhəmiyyətli hissəsinin biganəliyi ilə bağlıdır: “Siyasi alverçilərin bu prosesdə iştirakı antidemokratik dairəni daha da genişləndirir. “Azadlıq” bloku, Müsavat, ACP və ADP birgə ortaq məxrəcə gəlməli, seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılmasında birgə addımlar atmalıdırlar. Əsas məqsəd komissiyaları hakimiyyətin inhisarından çıxarmaq olmalıdır. Demokratik şərait yaranmadıqda isə təkcə hakimiyyətə yox, riyakarlıq edən Qərb dövlətlərinə də etiraz olaraq seçkilər boykot edilməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR