Əli Həsənov: “Həbsdə olan jurnalistlərin əfv olunması sual altında qalıb”

Əli Həsənov: “Həbsdə olan jurnalistlərin əfv olunması sual altında qalıb”
# 17 iyul 2007 10:48 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Mətbuat Şurasının jurnalistlərin əfv olunması ilə bağlı müraciətini dəyərləndirdiklərini söyləyən şöbə müdirinin sözlərinə görə, əfv olunmaq üçün prosedura əsasən, vətəndaş, yaxud da onun ailə üzvləri Əfv Komissiyasına müraciət etməlidir. Komissiyanın üzvləri bu məsələyə müsbət münasibət bildirdikdən sonra isə onların müraciəti ölkə başçısına göndərilir. Dövlət rəsmisi əfv fərmanının verilməsinin ölkə başçısının müstəsna səlahiyyətində olduğunu da vurğulayıb: “Ancaq bu gün gedən proseslər onu göstərir ki, bu insanların əfv olunacağı və əfv olunduqdan sonra doğru yola qayıdacaqları şübhə altındadır. Əfvlə bağlı prosedur keçilməsə, bu qeyri-mümkündür. Ona görə də bu gün heç nə demək olmaz. Bu məsələ hələlik müzakirə mövzusu olaraq qalır”. Ə. Həsənov Mətbuat Şurasının ölkə başçısına ünvanladığı digər məktubların mətbuata dövlət qayğısının artırılması, maddi texniki bazasının möhkəmləndirilməsi, reklam bazarındakı vəziyyətin yaxşılaşdırılması, bəzi mətbuat işçilərinin müxtəlif dövlət mükafatlarına təqdim olunması və digər məsələlərlə bağlı olduğunu deyib: “Bu məsələlər isə müzakirə olunur”. Şöbə müdiri Azərbaycanda səfərdə olan “Human Rights Watch” təşkilatının rəhbəri Kennet Rotla keçirdikləri müzakirələrə də toxunub. Ə. Həsənovun sözlərinə görə, K. Rotun qaldırdığı məsələlər, müzakirə apardığı mövzular heç də Azərbaycanda mətbuatın vəziyyətinin ağır olduğunu və ya müstəqil mətbuata təzyiqlərin mövcudluğunu deməyə əsas vermir: “Mən ümumən onun çıxışlarından bu tendensiyanı hiss etmədim. Kennet Rotun narahatlığı, əsasən, “Diffamasiya haqqında” qanunun qəbul olunmaması, buna görə də şəxsiyyəti təhqir edən, ayrı-ayrı şəxslərin haqqında böhtan yazan jurnalistlərin məhkəmə hökmü ilə cəzalandırılması ilə bağlı idi. Ona bildirildi ki, Azərbaycan hüquqi dövlətdir, məhkəmələr isə müstəqildir. Hər bir insanın öz konstitusion hüquqi, şəxsiyyətini, nüfuzunu qorumaq üçün məhkəməyə müraciət etmək haqqı var, onu bu haqdan heç kim məhrum edə bilməz. Azərbaycanda 7 jurnalistin həbsdə olması o demək deyil ki, ölkədə mətbuata təzyiq var. Bu, sadəcə, o deməkdir ki, Azərbaycan jurnalistlərinin peşəkarlığı aşağıdır. Onlar qələmlərindən istifadə edib şəxsiyyət əleyhinə böhtan, şərəfi alçaltma kimi hallara yol verirlər ki, bu da sonda gətirib məhkəməyə çıxarır”. Dövlət rəsmisinin sözlərinə görə, K. Rotun qaldırdığı digər məsələ Azərbaycanda işgəncələrlə bağlı olub: “O, Azərbaycanın 2003-cü ildən sonra bu sahədə hansı addımları atması ilə maraqlanırdı”. Ə. Həsənov bu barədə də qonağa ətraflı məlumat verildiyini deyib. Şöbə müdiri 2003-cü ildən sonra Azərbaycanın işgəncələr əleyhinə dörd beynəlxalq konvensiyaya qoşulduğunu, bu konvensiyaların Azərbaycanda həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının qəbul edildiyini, bəzi qanunlara dəyişikliklər olunduğunu, prezidentin sərəncamı ilə insan hüquqlarının qorunması sahəsində xüsusi tədbirlərlə bağlı Dövlət Proqramının qəbul edildiyini qonağın diqqətə çatdırdıqlarını bildirib: “Eyni zamanda, “Human Rights Watch” təşkilatının öz hesabatlarına Dağlıq Qarabağdan didərgin salınmış 1 milyona qədər insanın adi vətəndaş hüquqlarının pozulması ilə bağlı ciddi məsələlərin salınmaması ona irad tutuldu. Ermənistan hakimiyyətinin insan haqlarına münasibəti qiymətləndirilərkən bu faktorun qeyd olunmadığı da onun diqqətinə çatdırıldı. O da etiraf etdi ki, ola bilsin, indiyə kimi onlar bu məsələləri təkidlə qoymayıblar. Ancaq gələcəkdə nəzərə alacaqlarını bildirdi”. Ə. Həsənov dünən K. Rotun televiziya vasitəsi ilə Prezidentin İcra Aparatının rəhbərinin həbsdə olan jurnalistlərin əfv olunması ilə bağlı prezidentə məsləhət verəcəyi haqda açıqlamasının tərcümə anlaşılmazlığı olduğunu da deyib: “Ramiz Mehdiyev görüşdə bildirib ki, həbsdə olan jurnalistlər Əfv Komissiyasına müraciət etsələr, komissiyada buna mütləq baxılacaq. Əgər komissiya üzvləri onların buraxılması ilə bağlı müsbət qərar qəbul etsələr, bu qərar ölkə başçısına təqdim olunacaq. Biz Kennet Rotun səsləndirdiyi ifadələri təkzib etməyə məcbur olduq”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR