“Dağlıq Qarabağda keçirilən prezident seçkiləri və ziyalıların səfərinə münasibət” mövzusunda toplantı qalmaqalla yekunlaşıb

“Dağlıq Qarabağda keçirilən prezident seçkiləri və ziyalıların səfərinə münasibət” mövzusunda toplantı qalmaqalla yekunlaşıb
# 19 iyul 2007 15:51 (UTC +04:00)
“Dağlıq Qarabağda keçirilən prezident seçkiləri və ziyalıların səfərinə münasibət” mövzusunda toplantı keçirilib. APA-nın məlumatına görə, siyasi partiya liderlərinin, millət vəkillərinin, politoloqların və keçmiş döyüşçülərin iştirak etdiyi toplantıda “seçkilər” və ziyalıların Dağlıq Qarabağa səfərləri ilə bağlı bəyanat müzakirə olunub. Qarabağ qrupunun üzvü Mehman Əliyev bildirib ki, sənəd hazırlanarkən beynəlxalq sənədlər nəzərə alınıb. Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu, QAT sədri Akif Nağı bəyanata öz münasibətlərini bildiriblər. Politoloq İlqar Məmmədovun çıxışı tədbirdə qarşıdurma yaradıb. O, 15 ildir “torpaqlar azad olunmalıdır” fikrinin işlədildiyini, amma ortada heç bir nəticənin olmadığını qeyd edib: “Qarabağ əhalisi bu məsələ ilə bağlı fəallıq göstərməlidir. Nizami Bəhmənov Qarabağ icmasının rəhbəri kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanda olan ərazisində yaşamalıdır, Bakıda yox. Amma Azərbaycan tərəfi heç nə etmir. Belə bir məqamda erməni tərəfi nə etməlidir? 12-13 ildə onları idarə edən bir qurum yaradıblar və bu quruma da seçkilər keçirirlər”. Toplantıda iştirak edən bir qrup keçmiş döyüşçü və siyasilər onun çıxışına etiraz ediblər. Tədbirin aparıcısı Mehman İsmayılov toplantının başa çatmaq üzrə olduğunu elan etdikdə, yenidən qarşıdurma yaranıb. Keçmiş döyüşçü Seymur Şirinov siyasətçiləri 15 ildir boş-boş danışmaqda ittiham edib: “Həftədə bir dəfə burada mətbuat konfransı keçirilir, həmişə eyni adamlar danışır, eyni sözü deyirlər. Səhra generalları var, bir də kabinet generalları. Burada oturanların da çoxu kabinet generallarıdır”. Digər döyüşçülər də toplantının təşkilatçılarına etiraz ediblər. Toplantı qarşıdurma şəraitində başa çatıb və təkliflər nəzərə alınmaqla bəyanat imzalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR