Pənah Hüseyn: “Əvəz Temirxanın mənim haqqımda işlətdiyi ifadələr çox cılız və şantaj xarakterlidir”

Pənah Hüseyn: “Əvəz Temirxanın mənim haqqımda işlətdiyi ifadələr çox cılız və şantaj xarakterlidir”
# 23 iyul 2007 11:29 (UTC +04:00)
“Əvəz Temirxanın mənim haqqımda işlətdiyi ifadələr çox cılız və şantaj xarakterlidir. Onun və digər partiyaların funksionerlərinin prezident seçkiləri kimi ciddi məsələlər barədə bu cür bəyanatlar verməsi təəssüf doğurur”. Bu sözləri APA-ya açıqlamasında millət vəkili Pənah Hüseyn deyib. Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxanın ittihamlarına cavab verməyə həvəsli olmadığını bildirən P. Hüseyn onun mülahizələrinin doğru olmadığını söyləyib: “Bu fikirləri mənasız sayıram. Əvəz Temirxan siyasətlə məşğul olan şəxsdir və onu aşağılamaq istəmirəm. Elə məsələlər var ki, onlar barədə liderlər tərəfindən fikirlər söylənsə, daha məqsədəuyğun olar. Amma bəzi funksionerlər özlərinə aid olmayan və onlar tərəfindən səslənəndə heç bir əhəmiyyət daşımayan bəyanatlar verirlər. Bu da özlərinə ziyan vurur. Fikir bildirməyi qadağan etmək olmaz. Səslənən fikirlər ədəb və tərbiyə çərçivəsindədirsə, siyasi etikaya uyğundursa, buna təbii baxmaq lazımdır”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə Ə. Temirxanın Müsavata qarşı ittihamlarının əsassız olduğunu deyib. Onun sözlərinə görə, Ə. Temirxan Müsavatın Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərinin mahiyyətindən xəbərsizdir: “Layihə Azərbaycandakı siyasi və ictimai təşkilatların, Venesiya Komissiyasının təklifləri əsasında formalaşıb. Burada bütün müxalifət partiyalarının və Müsavatın maraqları nəzərə alınıb. Bizə qarşı səslənən ittihamlar əsaslı deyil. Çünki əslində seçki komissiyalarının formalaşması ilə bağlı Müsavatla “Azadlıq” blokunun mövqeyi arasında fərq yoxdur”.
Qeyd edək ki, Ə. Temirxan mətbuata müsahibəsində P. Hüseynin 2008-ci il prezident seçkilərində hakimiyyətin əlinə oynayacağını bildirib, Müsavat Partiyasının isə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı parlamentə təqdim etdiyi layihəni geri götürülməsinin vacib olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR