Böyük Quruluş Partiyası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə bağlı məhkəməyə müraciət edəcək

Böyük Quruluş Partiyası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə bağlı məhkəməyə müraciət edəcək
# 25 iyul 2007 13:54 (UTC +04:00)
Böyük Quruluş Partiyası (BQP) Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) ilə bağlı məhkəməyə müraciət edəcək. Partiyanın sədri, millət vəkili Fazil Qəzənfəroğlunun APA-ya verdiyi məlumata görə, BQP-nin dövlət qeydiyyatına alınmasından iki ilə qədər vaxt keçməsinə baxmayaraq, bu müddətdə komitə onları qərargahla təmin etməyib. F. Qəzənfəroğlu məsələ ilə bağlı dəfələrlə dövlət komitəsinə rəsmi müraciət etdiklərini bildirib: “Amma hər dəfə onlar bizə başdansovdu cavab veriblər. Göstərdikləri yerlərdə isə normal fəaliyyət göstərmək üçün minimum şərait belə yoxdur”. Partiya sədri hazırda iddia ərizəsinin hazırlandığını və qısa müddətdə məhkəməyə müraciət olunacağını bildirib.
DƏİEDK-nin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə APA-ya açıqlamasında dövlət qurumuna qarşı səslənən ittihamların doğru olmadığını bildirib. Onun sözlərinə görə, komitənin əsasnaməsinə görə qurum yalnız dövlət qurumlarının yerlə təmin olunması tədbirlərini həyata keçirir: “Amma bununla bərabər digər ictimai təşkilatların da icarə müqaviləsi əsasında yerləşdirilməsi komitənin səlahiyyətindədir. Biz BQP-yə bu vaxta kimi bir neçə yer təklif etmişik. Amma onlar həmin yerləri bəyənməyiblər və tam şəraitli yer istəyiblər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR