Qarabağ Azadlıq Təşkilatı Baronessa Koksun Dağlıq Qarabağa səfəri ilə bağlı bəyanat yayıb

Qarabağ Azadlıq Təşkilatı Baronessa Koksun Dağlıq Qarabağa səfəri ilə bağlı bəyanat yayıb
# 25 iyul 2007 14:07 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) Böyük Britaniya Lordlar Palatasının vitse-prezidenti Baronessa Kerolayn Koksun Dağlıq Qarabağa səfəri ilə bağlı bəyanat yayıb. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda QAT Azərbaycanda “xalq diplomatiyası”nı dəstəkləyən qrupların da mövqelərini pisləyib: “İşğal olunan ərazilərdə qondarma rejimin keçirdiyi prezident seçkiləri və ondan dərhal sonra Baronessa Koksun səfəri Azərbaycan hakimiyyətini və “xalq diplomatiyası” tərəfdarlarını ciddi düşündürməlidir. Ermənistanın və onun havadarlarının bu hərəkətləri göstərir ki, danışıqların və “xalq diplomatiyası”nın heç bir perspektivi yoxdur. İşğalçı Ermənistan mənasız danışıqları uzatmaqla vaxt qazanır, bu müddət ərzində “xalq diplomatiyası” mexanizmini işə salmaqla işğal faktını unutdurmağa çalışır və bu niyyətinin reallaşdırılması üçün beynəlxalq təşkilatların himayəsindən yararlanır. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin son təşəbbüsü, Dağlıq Qarabağa Azərbaycan ziyalıları ilə birlikdə səfər etmək niyyəti ermənilərin həmin siyasətinə xidmət edir. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin xristian təəssübkeşliyindən çıxış edərək “xalq diplomatiyası” adı altında erməni niyyətlərinə xidmət etmək cəhdlərinin qarşısı alınmalıdır”. Bəyanatda Dağlıq Qarabağa səfər edən Azərbaycan vətəndaşlarına da xəbərdarlıq edilib: “Ümid edirik ki, ziyalılarımız və millət vəkillərimiz bizi başa düşəcək, arzu olunmayan niyyətlərindən əl çəkəcəklər. Əks halda, onların hər biri sərt təpki ilə üzləşəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR