Lalə Şövkət: “Müsavat Partiyasının bir neçə funksioneri mənə qarşı kampaniya aparır”

Lalə Şövkət: “Müsavat Partiyasının bir neçə funksioneri mənə qarşı kampaniya aparır”
# 27 iyul 2007 08:57 (UTC +04:00)
- Müxalifətin əsas birliyi kimi təqdim etdiyiniz “Azadlıq” blokunda son aylarda müşahidə olunan durğunluğun səbəbi nədir?
- Blok fəaliyyətini davam etdirir, Sədrlər Şurasının iclasları keçirilir. Bu gün ümumilikdə Azərbaycanda durğunluq var, siyasi fəaliyyət üçün heç bir imkan qalmayıb. Hətta AXCP-nin yaranmasının ildönümü ilə bağlı ziyafət keçirilməsinə imkan vermədilər. Biz bütün siyasi fəaliyyət imkanlarından - sərbəst toplaşmaq azadlığından, rayonlarda yerli təşkilatlarla görüşlərdən, hətta kiçik tədbirlər keçirməkdən məhrumuq. Digər tərəfdən, azad mətbuata basqılar var. Bütün nüfuzlu beynəlxalq təşkilatlar öz tənqidlərini bildirsələr də, müxalifətə, azad mətbuata təzyiqlər davam edir. Ona görə də bu gün Azərbaycanda siyasi müxalifət olmaq çox çətindir.
- Siyasi durğunluq nə vaxta kimi davam edəcək?
- Bu, siyasi partiyalardan və müxalifətdən asılı deyil. Müxalifətin hər bir hərəkəti insanlarla, millətlə bağlıdır. Bu gün insanlarda böyük passivlik, biganəlik var. Bu da siyasi meydana sirayət edir. İnsanların bu passivliyi iqtidarın daha da qabağa gedərək təzyiqləri davam etdirməsinə şərait yaradır. İnsanlar təzyiqlərin qarşısında durub öz hüquqlarını müdafiə etməlidir. Bu, təkcə onların şəxsi hüquqları deyil, siyasi partiyaların, mətbuatın hüququdur. Amma bu gün təzyiqlərə qarşılaşan müxalifət bir tərəfdə, passiv möqeydə dayanmış millət bir tərəfdədir. Kütləvi aksiyalarda qocaya, cavana baxmadan zorakılığa əl atılması insanlarda qorxu hissini artırır.
- Belə bir şəraitdə 2008-ci il prezident seçkilərində müxalifətin perspektivini necə görürsünüz?
- Müxalifət həmişə olub və olacaq. Bircə Allaha qarşı müxalifət olmur. Müxalifətsiz heç nə alınmayacaq. Güclü müxalifət güclü demokratiya, güclü, sivil ölkə deməkdir. Mən düşünürəm ki, bu şərait çox davam edə bilməz. Elə bir an çatacaq ki, biz öz sözümüzü deyəcəyik.
- Son günlər Müsavat Partiyası ilə Liberal Partiyası arasında səslənən qarşılıqlı ittihamlara münasibətiniz necədir?
- Mən bu məsələlərə şərh verməmişəm və bundan sonra da belə fikrim yoxdur. Əvəz Temirxanın açıqlamalarını oxuyuram, “Yeni Müsavat”ın mənə qarşı apardığı kampaniyadan da xəbərim var. Amma neçə aydır ki, daha həmin qəzeti də oxumuram.
- Bu kampaniya yalnız qəzet tərəfindən aparılır, yoxsa Müsavat Partiyasının rəhbərliyi tərəfindən təşkil olunur?
- Kampaniya, əsasən, qəzetdə gedir. Amma dəqiq bilirəm ki, bunu partiyanın bir neçə funksioneri aparır. Gəlin, açıq danışaq, Lalə Şövkəti bir kənara qoyaq. Mən çox təəssüf edirəm ki, bu qəzet İsa Qəmbərin imicidir. Həmin qəzet öz təsisçisi İsa Qəmbərə böyük zərər və xələl gətirir. Mənə qarşı yazılan 3-4 məqalə oxudum və iyrəndim ki, Müsavat adı ilə çıxan qəzetdə belə yazılar gedir. Vaxtilə “Səs” qəzeti bu səviyyədə idi. İndi “Səs” qəzeti onlardan çox-çox yüksək səviyyədədir, inkişaf edib. “Yeni Müsavat” qəzeti ən çox İsa Qəmbərə zərbə vurur. Vaxtilə mənim də qəzetim çıxırdı. Amma o qəzetdə heç bir siyasi liderə qarşı kampaniya aparılmadı.
- Bu kampaniyanın səbəbləri Sizə məlumdurmu?
- Belə başa düşürəm ki, parlamentdən imtina etməyim və “Azadlıq” blokunun qərarlarına şərik çıxıb, öz imzama sadiq qalmağım yəqin onların təcrübəsində və Azərbaycan siyasətində anormal bir addım kimi qarşılanır. Artıq öz imzasına hörmət etməmək cəmiyyətdə normaya çevrilib. Söz bir tərəfdə, imza bir tərəfdə, əməl isə tamam başqa tərəfdədir. Sözlə əməlin arasında böyük uçurum yaranıb. Mən isə özümə hörmət edən insanam. Mənə qarşı apardıqları kampaniya, təşkil etdikləri yazılar bumeranq kimi özlərinə qayıdır. Həmin yazılara görə özünə hörmət edən adamlar bu qəzeti alıb oxumurlar. Başa düşürlər ki, səviyyə əvvəlki səviyyədir.
- Siyasi şərait dəyişməsə, “Azadlıq” bloku prezident seçkilərini boykot edəcəkmi?
- Demokratik seçkilərin keçirilməsi üçün irəli sürdüyümüz tələblər yerinə yetirilməsə, bu, seçki olmayacaq. O zaman da biz dekorasiya rolunu oynaya bilmərik.
- Bəzi müxalifət partiyaları yeni birlik yaratmaqla bağlı danışıqlara başlayıb. “Azadlıq” blokunun bu danışıqlardan imtinasının səbəbi nədir?
- “Azadlıq” bloku konkret mövqe üzərində formalaşıb. Bu mövqe parlament seçkiləri ilə bağlıdır. Əgər hansısa birlik yaranırsa, o birliyin prinsipləri olmalıdır. Elə-belə birlik yarana bilməz. Biz onlara da uğurlar azrulayırıq. Amma onu da qeyd edirik ki, biz “Azadlıq” blokundan kənarda yaranan birliklərə qoşulmaq fikrində deyilik. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR