Bakıda “İraq Türkmənləri və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “İraq Türkmənləri və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib
# 04 sentyabr 2007 13:16 (UTC +04:00)
Asiya Dialoqu İctimai Birliyi və Qafqaz Media Mərkəzinin təşəbbüsü ilə “İraq Türkmənləri və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Qafqaz Media Mərkəzinin rəhbəri Sevil Nuriyeva İraqdakı hazırkı ictimai-siyasi proseslər fonunda İraqdakı türkmənlərin düşdüyü vəziyyət haqda danışıb. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti və dövləti türkmənlərə maddi və mənəvi dəstəyini əsirgəməməli və bu yardımı daha da artırmalıdır. İraq Türkmən Milli Cəbhəsinin İdarə Heyətinin üzvü, Türkmən Ədalət Partiyasının başqanı Ənvər Həmid Bayraqdar bildirib ki, İraq türkmənləri ingilis və ərəb işğalı altında yaşadığı son 80 il ərzində ancaq təzyiq və qətliyamlarla üzləşib. O, bu gün də türkmənlərin bu vəziyyətdə yaşadığını diqqətə çatdırıb: “İraq ABŞ tərəfindən işğal edildikdən sonra türkmənlərə olan münasibət dəyişmədi və əksinə neft amili vəziyyəti daha da gərginləşdirdi”. Ə. Bayraqdar İraq türkmənləri ilə Azərbaycan arasında ictimai-siyasi təşkilatlar səviyyəsində əlaqələrin qurulmasında maraqlı olduqlarını da qeyd edib: “İraqda türkmənlərin hüquqları uğrunda mübarizə aparan 35 ictimai qurum fəaliyyət göstərir. Hesab edirik ki, Azərbaycanda bu təşkilatların əksəriyyətini özündə birləşdirən İraq Türkmən Milli Cəbhəsinin təmsilçiliyinin açılması məqsədəuyğun olardı. Təhsil sahəsində də əlaqələrin qurulmasını istəyirik”. Milli Məclisin deputatı Qənirə Paşayeva İraq türkmənlərinin dünyanın strateji bölgəsində yaşadıqlarını və bu səbəbdən də bir sıra problemlərlə üzləşdiklərini deyib. O, əlaqələrin intensivləşməsi üçün Azərbaycan dövlətinin də bir sıra addımlar atacağına ümid etdiyini söyləyib. İraq Türkmən Milli Cəbhəsinin Siyasi Şurasının üzvü Hüseyn Kərimbəyoğlu İraqda sülhün işğal faktı aradan qalxmayana qədər bərqərar olmayacağını deyib. Tədbirdə “Türkməneli” televiziyasının hazırladığı “İraq çoxmu İraq” sənədli filmi də nümayiş etdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR