QHT-lərə Yardım Fondunun Əsasnaməsi hazırlanıb

QHT-lərə Yardım Fondunun Əsasnaməsi hazırlanıb
# 05 sentyabr 2007 12:34 (UTC +04:00)
Prezidentin 27 iyul 2007-ci il tarixli sərəncamına əsasən yaradılması nəzərdə tutulan qeyri-hökumət təşkilatlarının məsələləri üzrə qurum və qeyri-hökumət təşkilatlarına Yardım Fondu ilə bağlı təkliflərin müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, Milli QHT Forumunun prezidenti Azay Quliyev QHT-lərə Yardım Fondunun Əsasnamə layihəsini hazırladıqlarını bildirib. Layihə haqda məlumat verən A. Quliyev bununla bağlı bütün təklifləri qəbul etməyə hazır olduqlarını söyləyib: “Layihədə fondun ali idarəetmə orqanının 9 nəfərdən formalaşdırılacaq Müşahidə Şurasından ibarət olacağı göstərilib. Qurumun rəhbəri isə ölkə prezidenti tərəfindən təyin olunacaq”. Prezidentin İcra Aparatının sektor müdiri Tahir Süleymanov çıxışında ölkədə 2500-ə qədər QHT-nin dövlət qeydiyyatına alındığını xatırladıb və bu illər ərzində dövlət-QHT münasibətlərinin nizama salınması üçün bir sıra qanunların qəbul olunduğunu deyib. Prezidentin QHT-lərlə bağlı sərəncamının əhəmiyyətindən söz açan T. Süleymanov bu sahədə xarici ölkələrin təcrübəsinin öyrəniləcəyini açıqlayıb. O, xüsusi dövlət komitəsinin yaradılması ilə bağlı müəyyən təkliflərin səsləndiyini də qeyd edib. Milli Məclisin insan haqları üzrə komissiyasının sədri Rəbiyyət Aslanova qurumun adının elə bir əhəmiyyət kəsb etmədiyini bildirib. Onun sözlərinə görə, əsas məqsəd QHT-lərin fəaliyyətinə yardım etmək olmalıdır. Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz də yaradılacaq qurumla bağlı bəzi QHT-lərin narahatlığının heç bir əsası olmadığını deyib: “Bu məsələyə dövlətin güclənməsi kimi yanaşılmalıdır. QHT-lərin müstəqilliyinin qorunması isə birbaşa özləri ilə bağlı məsələdir. Hesab edirəm ki, bu qurum prezident yanında komissiya şəklində formalaşdırılsa, daha yaxşı olar”. Milli Məclisin deputatları Fazil Qəzənfəroğlu dövlət komitəsinin, Hadı Rəcəbli isə ictimai əsaslarla fəaliyyət göstərəcək palatanın yaradılması təklifləri ilə çıxış ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR