Valdas Adamkus: “Avropa Birliyi və NATO-ya üzvlük yolunda aldığımız dərsləri Azərbaycanla bölüşməyə hazırıq”

Valdas Adamkus: “Avropa Birliyi və NATO-ya üzvlük yolunda aldığımız dərsləri Azərbaycanla bölüşməyə hazırıq”
# 07 sentyabr 2007 16:09 (UTC +04:00)
- Azərbaycan prezidenti İlham Əliyevin Litvaya qarşıdakı səfəri iki ölkə münasibətlərinə necə təsir edəcək?
- İyun ayında Azərbaycana səfərim zamanı hiss etdiyim hərarətli və dostyana atmosferi hələ də xatırlayıram. O vaxt Azərbaycan prezidenti ilə çox konstruktiv dialoqumuz oldu. Yaxın günlərdə İlham Əliyevi Vilnüsdə qəbul etməkdən böyük şərəf və məmnuniyyət duyacağam. Azərbaycanın prezidenti ilk dəfə Litvaya səfər edəcəyi üçün bunun tarixi səfər olacağından əminəm. Bu səfər bizə hazırda inkişaf etməkdə olan ikitərəfli əlaqələrimizin konkret elementlərini müzakirə etmək imkanı verəcək. Doğrudan da son illərdə Azərbaycanla Litva arasında münasibətlərin çox uğurla inkişaf etdiyini söyləyə bilərik. Ölkələrimiz arasında tarixi əlaqələr əsrlərlə mövcud olub. Bizim çox intensiv sosial-mədəni əlaqələrimiz var və xalqlarımız arasında dostluq-tərəfdaşlıq münasibətlərinin mövcudluğu əlaqələrin inkişafına kömək edir. Biz Azərbaycanın Avropaya inteqrasiyasını, onun Avropa Qonşuluq Siyasəti və İPAP vasitəsilə NATO və Avropa Birliyi ilə münasibətlərinin institutlaşmasını dəstəkləyirik. Litva bu strukturlara inteqrasiya və islahatlar sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Bu il ərzində ölkələrimiz səfir mübadiləsi həyata keçirib: Litva Azərbaycanda, Azərbaycan isə Litvada öz səfirliyini açıb və səfir təyin edib. İnanıram ki, prezident Əliyevin səfəri zamanı biz ümumi maraqlara aid olan bütün vacib məqamlara - regional əməkdaşlıq da daxil olmaqla, enerji təhlükəsizliyi, NATO və AB-yə inteqrasiya məsələlərində səylərimizin əlaqələndirilməsi məsələlərinə toxunacağıq. Avropaya enerji ehtiyatları ixrac edən ölkə kimi Azərbaycanın rolu artır və biz ümid edirik ki, bu istiqamətdə qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanacaq. Səfər zamanı biznes forumun keçirilməsi də planlaşdırılır.
- Oktyabr ayında Vilnüsdə enerji forumu keçiriləcək. Bunu Krakov forumunun davamı da adlandırırlar. Rusiya Dövlət Duması həmin forumu anti-Rusiya xarakterli toplantı kimi qiymətləndirmişdi. Siz necə hesab edirsiniz, forum bu cür dəyərləndirilə bilərmi?
- Mən enerji təhlükəsizliyinə dair Vilnüs konfransının anti-Rusiya xarakterli olması, hansısa ölkəyə qarşı yönəlməsi fikri ilə razılaşa bilmərəm. Sammitin məqsədi əsas enerji istehsalçıları, təchizatçıları və tranzit ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin yolları və vasitələrini birlikdə tapmaqdır. Biz inanırıq ki, açıq dialoq, qarşılıqlı etimad və şəffaflıq uğurlu əməkdaşlığın bazis elementləridir. Konfransa Rusiyadan yüksək səviyyəli qonaqların dəvət edilməsi də toplantının bu ölkəyə qarşı yönəlməsinin mümkün olmadığının növbəti sübutudur.
- Krakov sammitində Ukrayna, Polşa, Litva, Gürcüstan və Azərbaycan Odessa-Brodı layihəsi üzərində işləyəcək birgə müəssisə yaradılması haqda razılığa gəlib. Bu məsələdə hər hansı irəliləyiş varmı?
- Mən inanıram ki, Odessa-Brodı-Plotsk-Qdansk boru kəməri layihəsi neft ixracatçılarının diversifikasiyası üçün mühüm alternativlərdən biridir. Krakov sammitindən sonra Litva, Ukrayna, Gürcüstan, Azərbaycan, Polşa və Qazaxıstan nümayəndələrinin daxil olduğu hökumətlərarası qrup yaradıldı. Bu qrupun işi Odessa-Brodı-Plotsk-Qdansk layihəsinin həyata keçirilməsinə yönəlib. Odessa-Brodı boru kəmərinin funksiyalarının Polşanın Qdansk limanına qədər uzadılmasının texniki-iqtisadi qiymətləndirilməsi bu ilin sonuna qədər başa çatmalıdır. Biz Avropanın da maraq duyacağı bu layihəni inkişaf etdirməyə və tezliklə reallaşdırmağa çalışacağıq.
- Transxəzər layihəsinin perspektivlərini, Mərkəzi Asiya neftinin Şərqi Avropaya nəqlində bu layihənin rolunu necə qiymətləndirirsiniz? Litva bu layihədə maraqlıdırmı?
- Avropa Birliyi Xəzər regionundakı ölkələrdən neft-qaz almaqda maraqlıdır. Bu regiondan çəkilən əsas neft-qaz boru kəmərlərinin Rusiya ərazisindən keçdiyi bizə məlumdur. Biz inanırıq ki, azad tranzitin təmin edilməsi Rusiya tərəfdən atılmış pozitiv addım, həm də ədalətli və səmimi tərəfdaşlığın göstəricisi olar. Bununla yanaşı, biz enerji ehtiyatlarının nəqli, Xəzər regionundan neft və qazın ixracı ilə bağlı yeni infrastruktur layihələrini inkişaf etdirməliyik. Bu baxımdan neft və qazın nəqlini nəzərdə tutan Transxəzər tipli enerji layihələri böyük əhəmiyyətə malikdir. Bu layihələr Xəzər regionunun beynəlxalq geoenerji statusunu yüksəldir və Avropanın enerji təhlükəsizliyini gücləndirir.
- Litva Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiyasına yardımçı ola bilərmi?
- Litva Azərbaycanın Avropa və avroatlantik institutlara meylini alqışlayır. Biz Avropa Birliyi və NATO-ya üzvlük yolunda aldığımız dərsləri bölüşməyə hazırıq. Restruktiv təhlükəsizlik və müdafiə sektorundakı təcrübələrimiz, eləcə də avroatlantik strukturlara inteqrasiya üçün əməkdaşlığın koordinasiyası və qurulmuş leqal çərçivələr sizin ölkəniz üçün xüsusi maraq doğura bilər xüsusən də NATO ilə əməkdaşlıq və Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı (İPAP) ilə bağlı məsələlərdə.
- Litva daha hansı sahələrdə Azərbaycanla əməkdaşlıq etmək istəyir?
- İlk növbədə ikitərəfli əməkdaşlığın çox sürətlə inkişaf edə biləcəyi sahə kimi iqtisadi əlaqələri qeyd etmək istərdim. Ticarət dövriyyəsinin həcmi hələ nisbətən aşağıdır, amma hər iki ölkənin çox sürətlə inkişaf edən iqtisadiyyatını və regional inkişafını nəzərə alsaq, iqtisadi münasibətlərin çox böyük potensiala malik olduğunu söyləmək olar. Litva və Azərbaycan bir çox məsələlərdə, xüsusən Avropa və avroatlantik məkana inteqrasiya, enerji təhlükəsizliyi və demokratiyanın möhkəmlənməsi məsələlərində Azərbaycanla eyni mövqeyə malikdir. Bu baxımdan Litva GUAM-ın fəaliyyətini çox dəstəkləyir və bu dəstək bu ilin iyununda mənim GUAM-ın Bakı sammitində iştirakımla öz təsdiqini tapdı. Biz bu ilin oktyabr ayında Vilnüsdə keçiriləcək enerji sammitində prezident Əliyevin iştirakını səbirsizliklə gözləyirik. Avropa Birliyinin Qara və Xəzər dənizləri regionu ilə əlaqələrinin genişlənməsi Azərbaycan-Litva münasibətlərinin regional səviyyədə inkişaf etməsi üçün də yeni perspektivlər yaradır. Mədəniyyət əlaqələri başqa bir sahə kimi ayrıca qeyd olunmalıdır. Həm Litva, həm də Azərbaycan çox zəngin mədəni irsə malikdir və biz mədəniyyət mübadiləsindən çox faydalana bilərik.
- Ölkələr arasında ticarət dövriyyəsi o qədər də çox deyil. Bunu artırmaq ucun nə etmək olar?
- Doğrudan da ticarət dövriyyəsinin həcmi hələ azdır və bu göstərici hər iki ölkənin inkişaf etməkdə olan iqtisadiyyatının potensialını əks etdirmir. Əlbəttə, bunun bir sıra səbəbləri var: böyük məsafə, mürəkkəb nəqliyyat əlaqələri, fərqli biznes şərtləri və s. Amma mən ümid edirəm ki, bu əngəllər sonda aradan qaldırılacaq. Şadam ki, Azərbaycan bizim Poti-İliçevsk bərə və dəmir yolu marşrutu vasitəsilə Qara dənizdən Klaypeda dəniz limanına qədər nəqliyyat marşrutu ilə bağlı təklifimizə maraq göstərdi. Fəal siyasi əməkdaşlıq sənaye, ticarət, daşınmaz əmlak, turizm, maliyyə xidmətləri kimi ümumi maraq doğuran sahələrə yönəldilməlidir. Litva biznesmenləri Azərbaycan və digər Qafqaz ölkələrinə çox böyük maraq göstərir. Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf edir, lazımi iqtisadi islahatlar aparılır və iqtisadi azadlıq artır. Biznes missiyaları, iş adamlarının ixtisaslaşmış sərgilərdə iştirakı iqtisadi əlaqələrin inkişafına kömək edə bilər. Ona görə də mən Azərbaycandan ola nümayəndələri Litvada keçirilən belə tədbirlərdə iştirak etməyə çağırıram. Hər iki ölkənin iş adamları öz bilik və təcrübələrini paylasa bilər: məsələn, litvalılar digər Baltik dövlətləri ilə əlaqələr qurmaq istəyən azərbaycanlı həmkarlarına kömək edə, Azərbaycan iş adamları isə öz növbəsində Mərkəzi Asiya və Orta Şərqdə maraqlı olan litvalı iş adamlarına yardım edə bilər. Diplomatiyamız üçün qarsıya qoyduğumuz ən vacib məsələ odur ki, aktiv siyasi əməkdaşlığa gedən yol möhkəm iqtisadi əlaqələrdən keçir. Ümid edirəm ki, hər iki ölkədə səfirliklərin açılması bu məsələlərin həll olunmasında müstəsna rol oynayacaq.
- Litvanın Dağlıq Qarabağla bağlı mövqeyi necədir?
- “Dondurulmuş” münaqişələr bu konfliktlərə cəlb olunmuş ölkələr üçün ağrılı bir problem, bütövlükdə regionun inkişafı yolunda bir əngəldir. Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın regional potensialından tam istifadəni mümkünsüz edir. Sülh müqaviləsinin olmaması qonşu ölkələrin sabitlik və təhlükəsizliyi üçün təhdid mənbəyidir. Litva Avropa Birliyi ölkələri arasında belə bir anlaşma yaratmağı çox istəyir və münaqişənin həllində daha aktiv fəaliyyət göstərməyə çalışır. Bəzi AB ölkələri Minsk Qrupu vasitəsilə artıq prosesdə iştirak edir. Biz inanırıq ki, tərəflər arasında kompromis əldə olunduqdan sonra AB beynəlxalq sülhməramlı missiyaya yardım etməklə münaqişədən sonrakı tənzimlənmə prosesində yaxından iştirak etməlidir. Biz öz növbəmizdə bu missiyada iştirak etməyə hazırıq. Bizim parlament Litva sülhməramlılarının xüsusi regionlarda, o cümlədən Cənubi Qafqazda yerləşdirilməsinə dair müvafiq qərar qəbul edib.
- Siz bu ilin iyununda GUAM-ın Bakı sammitində iştirak etmisiniz. Litva həmin təşkilatın üzvü olmaq istəyirmi?
- Biz Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın regionda demokratiyanın, stabilliyin artırılmasına və möhkəmlənməsinə nail olmaq ucun birgə səylərini bəyənir və dəstəkləyirik. GUAM-ın Bakı sammiti üzv ölkələrə gələcək əməkdaşlığı müzakirə etmək, eyni zamanda digər ölkələrlə əməkdaşlıq münasibəti qurmaq ucun çox böyük imkan verdi. GUAM Litva və bütövlükdə Avropa ucun demokratiya, enerji təhlükəsizliyi, nəqliyyat şəbəkələrinin inkişafı, “dondurulmuş münaqişə”lərin həllini tapması kimi həyati məsələlərin həlli ilə məşğul olduğundan ölkəmizin GUAM-da müşahidəçi qismində iştirakını çox yüksək dəyərləndiririk.
- Litva Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yolu layihəsinə qoşulmaqda maraqlıdırmı?
- Mən əminəm ki, nəqliyyat qovşaqlarının təkmilləşdirilməsi və yeni infrastrukturun inkişafı Litva əhalisinin və iqtisadiyyatının ehtiyaclarını ödəməyə imkan yaradacaq. Litva Azərbaycan və digər ölkələrlə dialoqa hazırdır. Biz beynəlxalq layihələrin həyata keçirilməsində qazandığımız təcrübəni də bölüşməyə hazırıq. Litva hər iki ölkənin elm, təhsil və biznes dairələri arasında daha yaxın əlaqələrin qurulmasına çalışır. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR