Altı müxalifət təşkilatı prezident seçkiləri ilə bağlı növbəti məsləhətləşmə keçirib

Altı müxalifət təşkilatı prezident seçkiləri ilə bağlı növbəti məsləhətləşmə keçirib
# 12 sentyabr 2007 13:47 (UTC +04:00)
Bu gün altı müxalifət təşkilatının rəhbərlərinin növbəti toplantısı keçirilib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, iclasda 2008-ci il prezident seçkiləri ətrafında fikir mübadiləsi aparılıb. O, əsasən seçkilərlə bağlı ümumi strateji məsələlər ətrafında müzakirələr aparıldığını bildirib: “Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycanda demokratiyanın xaricdən açıq dəstək əldə edə bilməməsinin səbəbləri ətrafında müzakirələr davam edir. Bununla da müxalifət partiyaları daxilində 2008-ci il prezident seçkiləri ilə bağlı müzakirələrin başladığını demək olar. Bu məsləhətləşmələrdə iştirak edən siyasi qüvvələrin hər biri seçkilərin necə keçiriləcəyindən asılı olmayaraq boykot barədə düşünmürlər, sadəcə, demokratik seçkilərin keçirilməsi üçün səyləri daha da gücləndirməyi məsləhət bilirlər”. S. Cəlaloğlu hələlik bu qüvvələrin seçkidə hansı formatda iştirak edəcəyinə dair müzakirələrin başlamadığını qeyd edib: “Yəqin ki, seçkilər yaxınlaşdıqca bu məsələ də müzakirəyə çıxarılacaq və konkret situasiyadan asılı olaraq konkret qərarlar veriləcək”. Partiya sədrinin sözlərinə görə, növbəti toplantıda bu məsələlər ətrafında daha geniş müzakirələr aparılması qərara alınıb.
Qeyd edək ki, məsləhətləşmələrdə Müsavat, Demokrat, Milli İstiqlal, Tərəqqi, Sosial Demokrat partiyaları və Azərbaycan Naminə İctimai Forum təmsil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR