Məmməd Əlizadə: “Müxalifət partiyalarının Məşvərət Məclisi adına iddia etməsi doğru deyil”

Məmməd Əlizadə: “Müxalifət partiyalarının Məşvərət Məclisi adına iddia etməsi doğru deyil”
# 14 sentyabr 2007 11:41 (UTC +04:00)
“Müxalifət partiyalarının Məşvərət Məclisi adına iddia etmələri doğru deyil. Azərbaycanda siyasi partiyaların Məşvərət Məclisi adında birliyi var”. Bu sözləri iqtidaryönlü partiyaların Məşvərət Məclisinə rəhbərlik edən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə deyib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son vaxtlar müxalifətin Məşvərət Məclisi adlı yeni qurum yaratması haqqında yayılan xəbərlər iqtidaryönlü partiyaların Məşvərət Məclisində təmsil olunan qurumları narahat edir. Müxalifət partiyalarının bu ada iddia etməklə ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışdığını söyləyən DADP sədrinin fikrincə, həmin qüvvələr iqtidaryönlü partiyaların keçmiş olduğu uğurlu və uğursuz yolları yamsılamaq istəyir: “Bu partiyalar siyasi fəaliyyətlərində meydan mərhələsindən, milli azadlıq hərəkatı təfəkküründən hələ də uzaqlaşa bilməyiblər. Müxalifət düşərgəsində kifayət qədər ağıllı siyasətçilər var. Amma onların yeni ad və strategiya tapa bilməmələri təəcüb doğurur. Həmçinin iqtidaryönlü Məşvərət Məclisində təmsil olunan partiyaların bu məsələyə soyuqqanlı münasibəti də anlaşılmazlıq yaradır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR