Robert Simmons regiona səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib

Robert Simmons regiona səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
# 28 sentyabr 2007 16:57 (UTC +04:00)
APA-nın məlumatına görə, Bakıya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən Robert Simmons Azərbaycanda olduğu qısa müddət ərzində prezident, müdafiə naziri, müdafiə nazirinin müavini, parlament rəhbərliyi, Dövlət Sərhəd Xidmətinin rəhbəri, səfirlər, Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı çərçivəsində işçi qrupun nümayəndələri ilə görüşlər keçirdiyini deyib. O, Azərbaycan rəsmilərinə Kosovo və Əfqanıstanda keçirilən əməliyyatlarda NATO-ya verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Robert Simmons səfər zamanı NATO-nun Cənubi Qafqaz regionunda əlaqələndirici zabiti Zbiqnev Rıbatskini təqdim etdiyini, bu şəxsin daim regionda olacağını qeyd edib. NATO baş katibinin xüsusi nümayəndəsi ötən iki il ərzində İPAP planı çərçivəsində görülən işlərə də qiymət verib və bu sahədə nəzərə çarpacaq irəliləyiş əldə olunduğunu qeyd edib. Robert Simmonsun səfəri zamanı növbəti iki il üçün İPAP proqramı çərçivəsində görüləcək işlərlə bağlı da müzakirələr aparılıb: “Bu yeni plan daha məqsədyönlü və tərəqqipərvərdir. Azərbaycan Müdafiə Nazirliyinin modernləşməsi, Fövqəladə Hallar nazirliyinin Azərbaycanla NATO münasibətlərinin inkişafına təsiri, həmçinin münasibətlərin inkişafına kollektiv qiymət verilməsi məsələsində müəyyən tərəqqiyə nail olmağı bacarıb”. Robert Simmons Azərbaycan hərbi birləşmələrinin sülhməramlı əməliyyatlarda iştirak standartlarına uyğunlaşdırılmasını, Müdafiə Nazirliyində müasirləşdirmə prosesinin davamını, kiçik zabit heyəti üçün treninqlərin keçirilməsini və yeni kommunikasiya vasitələrinin tətbiqini vacib sayıb. /APA/





#
#

ƏMƏLİYYAT İCRA OLUNUR