Azər Ayxan: “Azərbaycan müxalifətində bəzi adamların imkanı olsa, bizi redaksiyanın dəhlizində qətlə yetirib, meyitimizi Xəzərə atarlar"

Azər Ayxan: “Azərbaycan müxalifətində bəzi adamların imkanı olsa, bizi redaksiyanın dəhlizində qətlə yetirib, meyitimizi Xəzərə atarlar"
# 02 noyabr 2007 16:42 (UTC +04:00)
"Arif Hacılının və Müsavat rəhbərliyində təmsil olunan bəzi şəxslərin "Yeni Müsavat" qəzetinə qarşı şantaj kampaniyasına son qoyulmasa, konkret addımlar atmaq məcburiyyətində qalacağıq". Bu fikirləri APA-ya açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan bildirib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı "Bizim Yol" qəzetinin sonuncu sayına verdiyi müsahibədə "Yeni Müsavat" qəzeti ilə bağlı bəzi məqamlara toxunub. Baş redaktor müavini deyib ki, son günlər partiya daxilində gedən ideoloji diskussiyalarda bəzi Müsavat funksionerləri qəzeti və onun kollektivini tərəfə çevirmək istəyirlər. Əməkdaşların əvəzindən, onların adından özlərinin siyasi maraqlarına uyğun formada yalan məlumatlar yayırlar. Azər Ayxan öncə Arif Hacılının ""Yeni Müsavat" qəzeti Müsavat Partiyasının resurslarından biridir" fikrinə etirazını bildirdi: "Bu, yalan olmaqla bərabər həmçinin qəzetin və partiyanın nüfuzuna xələl gətirir. "Yeni Müsavat" müstəqil qəzetdir. Biz sadəcə bütün dövrlərdə, həmçinin günü bu gün, Müsavat Partiyasına və qismən də digər müxalifət partiyalarına təmənnasız və keyfiyyətli şəkildə informasiya dəstəyi veririk. Bu məsələdə bizi heç kim nəyəsə məcbur etmir. Bu işi könüllü şəkildə görürük. "Yeni Müsavat"ın bugünkü səviyyəyə çatmasında, 10 il müddətində ölkənin bir nömrəli qəzeti statusunu qoruyub saxlamasında Müsavat Partiyasının hansısa strukturunun, funksionerinin rolunun olmasını söyləmək, iddia etmək absurddur. Arif bəy deyib ki, Müsavat Partiyası qəzeti zaman-zaman hakimiyyətin təqiblərindən qoruyub. Bu da kökündən yanlış fikirdir. İndiyə kimi Müsavat Partiyasının nəzarətində bu və ya digər formada qəzetlər olub. Onların bağlanmasına, hakimiyyət tərəfindən təqib olunmasına qarşı partiyanın hansısa real iş gördüyünü xatırlamıram. Sonuncu bu cür hal "Müxalifət" qəzeti ilə bağlı baş verib: qəzetin baş redaktoru və əməkdaşı həbsdədir. Əgər Arif Hacılı elə qəzet qoruyandırsa, onları həbsdən çıxarsın. Yaxud, "Müxalifət"in fəaliyyətinin bərpasını təşkil etsin".
Partiyadakı ideoloji mübahisələrə müdaxilə etmək niyyətində olmadığını bildirən A. Ayxan deyib ki, rəhbərlik, kollektiv heç bir zaman qəzeti Müsavatdaxili mübahisələrə qatmaq niyyətində olmayıb: "Son günlər baş verən mübahisələrlə bağlı da demək olar ki, qəzetdə yazılar dərc olunmayıb. Biz yalnız Müsavat başqanı İsa Qəmbərin geniş müsahibəsini dərc etmişik. Ondan sonra isə qəzetin baş redaktoru Rauf Arifoğlu APA-ya geniş açıqlama verib. Bütün qəzetlər Rauf bəyin həmin müsahibəsini dərc edib, həmçinin "Yeni Müsavat". Yəni əlimizdə olan tribunadan, qəzetin imkanlarından yararlanıb hətta baş redaktorumuzu haqsız hücumlardan, şantajdan, şərdən müdafiə edə bilmirik ki, sabah bunu da bizə qarşı şantaj vasitəsinə çevirəcəklər. Bir daha təkrar edirəm, biz siyasi və ideoloji diskussiyalara qarışmırıq, qəzetçi missiyamız var, onu həyata keçiririk. Amma çox təəssüf ki, Müsavat rəhbərliyində təmsil olunan bəzi şəxslər, xüsusən də Arif Hacılı bizə ciddi şəkildə mane olur. Kollektiv haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Onun həqiqətdən uzaq açıqlamaları redaksiya daxilində ciddi narazılıq və gərginlik yaradıb. Sonuncu müsahibələrinin birində deyib ki, guya Rauf Arifoğlu ilə kollektivin müəyyən üzvləri arasında konflikt var. Bu da onun növbəti uydurmasıdır. Kollektivdə heç kimin baş redaktorla problemi yoxdur. Azərbaycan siyasətində konflikt və intriqa anlayışları daha çox Arif Hacılının adı ilə bağlıdır".
Baş redaktor müavini deyib ki, A. Hacılının mətbuata açıqlamasında R.Arifoğlu və "Yeni Müsavat" üçün partiya binasında əmək şəraiti yaratması barədə söylədikləri də əsassızdır: "Arif Hacılının əlindən belə işlər gəlirsə, bu qabiliyyətini bir qədər də partiya üçün istifadə etsin. Özünün rəhbərlik etdiyi strukturda çalışan əməkdaşların əmək şəraitinin yaxşılaşdırması istiqamətində addımlar atsın, qərargahın ştatlı əməkdaşlarının aylardan bəri yığılıb qalan əmək haqlarının verilməsinin qayğısına qalsın. Müsavat Partiyası hazırda tam nəzarətsiz vəziyyətdədir. Partiyanın təsərrüfat və icra məsələləri birbaşa Arif Hacılının nəzarəti altındadır. Neçə aylardı ki, bu adam partiya qərargahını adicə bir qarovulçu ilə təmin edə bilmir. Qərargah bərbad vəziyyətdədir. Bunu aradan qaldırmaq üçün elə də böyük maliyyə vəsaiti tələb olunmur. Sadəcə, təşkilatçılıq, partiyaya, İsa Qəmbərə canıyananlıq göstərmək gərəkdir. Qəzetə əmək şəraitinin yaradılması üçün baş redaktor və kollektivin fədakar üzvləri əllərindən gələni edib, edir və edəcək. Bizə partiya tərəfindən heç bir maliyyə yardımı olunmur".
A. Ayxan qeyd edib ki, İsa Qəmbərin təsisçisi olduğu "Müxalifət" qəzetinin vaxtilə dağıdılmasında və işinin iflic vəziyyətə salınmasında partiya rəhbərliyində təmsil olunan bəzi şəxslərin, o cümlədən Arif Hacılının böyük "əməyi" olub: "1996-cı ildə "Müxalifət" qəzeti ölkənin ən nüfuzlu mətbuat orqanlarından biri idi. O qəzet uğrunda, ora nəzarət uğrunda xoşagəlməz bir mübarizə başlanmışdı. Həmin dövrdə Arif Hacılı və onun yaxınları qəzeti ələ keçirmək istəyirdilər və buna görə kollektiv dağıldı. Redaksiyada əlbəyaxa dava düşdü. O vaxtdan iflic vəziyyətinə düşən "Müxalifət" qəzetinin fəaliyyətini hələ də bərpa etmək mümkün olmayıb. Əgər Rauf Arifoğlu vaxtilə bunların ağlı ilə oturub-dursaydı, bir qədər də xaraktercə zəif adam olsaydı, indi "Yeni Müsavat" adlı qəzet yox idi".
A. Ayxan bildirib ki, əgər A. Hacılı və partiya rəhbərliyindəki müəyyən adamlar qəzetə qarşı ittihamlarına son qoymasalar, qəzet kollektivi bununla bağlı tədbirlər görəcək: "Şantaj kampaniyası dayandırılmasa, konkret addım atmaq məcburiyyətində qalacağıq: "Biz zaman-zaman hakimiyyəti tənqidə, müxalif fikrə dözümsüz yanaşmaqda ittiham edirik. Amma Azərbaycan müxalifətində elə adamlar var ki, əllərində səlahiyyət olsa, onların barəsində tənqidi yazılar yazan jurnalisti öldürərlər. Onların imkanları olsa bizi redaksiyanın koridorundaca qətlə yetirib, meyitimizi Xəzərə atarlar". /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR