Bakıda keçirilən Vətəndaş Forumunun iştirakçıları PKK-nın terror təşkilatı kimi tanınması xahişi ilə Milli Məclisə müraciət ediblər

Bakıda keçirilən Vətəndaş Forumunun iştirakçıları PKK-nın terror təşkilatı kimi tanınması xahişi ilə Milli Məclisə müraciət ediblər
# 05 noyabr 2007 11:58 (UTC +04:00)
APA-nın məlumatına görə, SDİ-nin direktoru Leyla Yunus Türkiyənin Azərbaycana dost ölkə olduğunu xatırladıb: “Türkiyə bizə qardaş ölkədir, PKK orada bizim soyumuzdan olan insanlara qarşı terror aksiyaları həyata keçirir. İndi hər zaman Azərbaycana dəstək olmuş Türkiyənin ağır günüdür. Azərbaycan rəsmən PKK-nı terror təşkilatı kimi tanımalıdır”. Tədbirdə məruzə ilə çıxış edən millət vəkili Nəsib Nəsibli Azərbaycan-Türkiyə əlaqələrindən danışıb. Millət vəkili bildirib ki, bu əlaqələr istənilən səviyyədə qurulmayıb, iki ölkənin qeyri-hökumət təşkilatlarının, partiyalarının münasibətləri zəifdir. Digər məruzəçi, millət vəkili İqbal Ağazadə PKK-nın Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri üçün təhlükəli olduğunu bildirib. İ. Ağazadənin fikrincə, PKK təkcə Türkiyə və regionun deyil, bütün dünyanın problemidir: “Əsas ixrac neft kəmərinin təhlükəsizliyinin təmin olunması üçün Türkiyə, Azərbaycan və Gürcüstanın ortaq təhlükəsizlik mexanizmi olmalıdır”. BAXCP sədri Qüdrət Həsənquliyev isə çıxışında Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması faktını xatırladıb: “Bu məsələ ilə bağlı beynəlxalq aləm Azərbaycana lazım olan dəstəyi verməyib. Türkiyə də erməni işğalı ilə bağlı bizə lazım olan qədər köməklik göstərməyib. Kəlbəcər işğal olunanda dinc əhalini oradan çıxarmaq üçün lazım olan iki vertolyotu Türkiyə əsirgəyib. Buna baxmayaraq, biz Türkiyəyə dəstək olmalıyıq. İndi Türkiyə tək qalıb. Azərbaycan parlamenti PKK-nı terror təşkilatı kimi tanımalı və biz Türkiyəyə hərbi dəstəyimizi təklif etməliyik. İraqda yerləşən hərbi kontingentimiz terrorla mübarizəyə yönəldilməlidir. ABŞ-ın regionda maraqları olduğu üçün Türkiyəyə dəstək verir. İndiyədək Türkiyədə terror nəticəsində həlak olanların sayı 11 sentyabr hadisələrində həlak olanlardan on dəfə çoxdur”. Müsavat Partiyası başqanı İsa Qəmbər deyib ki, PKK məsələsi Azərbaycan ictimaiyyətinin yekdil fikirdə olduğu çox nadir hadisələrdən biridir. Azərbaycanda heç kimin PKK-nın terror təşkilatı olduğunu inkar etmədiyini söyləyən millət vəkili Səyavuş Novruzov bildirib ki, bu məsələdə hamı yekdil fikirdədir. O, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin baş verən hadisələrlə bağlı bəyanatla çıxış etdiyini xatırladıb. Tədbirin sonunda PKK-nın terror təşkilatı kimi tanınması məsələsinin müzakirəyə çıxarılması və müvafiq qərar verilməsi ilə bağlı Azərbaycan Milli Məclisinə müraciət edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR