Arif Hacılı: “Müsavat Partiyası hazırlanmasında Nəsib Nəsiblinin də iştirak etdiyi Proqram əsasında fəaliyyət göstərir”

Arif Hacılı: “Müsavat Partiyası hazırlanmasında Nəsib Nəsiblinin də iştirak etdiyi Proqram əsasında fəaliyyət göstərir”
# 05 noyabr 2007 15:31 (UTC +04:00)
“Müsavat Partiyası öz ideologiyasında hər hansı dəyişikliyə yol verməyib və hazırlanmasında Nəsib Nəsiblinin də iştirak etdiyi Proqram əsasında fəaliyyət göstərir. Bu partiya nə kosmopolit liberalizmi, nə də ifrat millətçiliyi qəbul etməyən, amma liberalizmi və millətçiliyi özündə sintez edən bir ideologiyaya inanan insanların təşkilatıdır”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiyanın üzvü Nəsib Nəsiblinin Avropa Liberal Demokrat İslahatlar Partiyasına üzvlüklə mövcud Proqramın və Nizamnamənin kobud surətdə pozulduğu ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. A. Hacılının sözlərinə görə, müsavatçılıq məhz millətçilik və liberalizmin sintezi kimi ötən əsrin əvvəlində yaranıb: “Əgər Nəsib Nəsibli özünün ifrat millətçi olmadığını iddia edirsə, onda müsavatçılığa yanaşmada heç bir problem mövcud deyil”. A. Hacılı Avropa Liberal Demokrat İslahatlar Partiyasının qlobal siyasi fəaliyyətlə məşğul olduğunu vurğulayaraq bu qurumun fəaliyyətini yalnız milli azlıqların, cinsi azlıqların müdafiəsi ilə məhdudlaşdırmağı qərəzli mövqe adlandırıb. O bildirib ki, ittifaqın Türkiyədə yaşayan kürdlərlə bağlı qəbul etdiyi sənəddə PKK terror təşkilatı haqqında hər hansı müddəa yoxdur: “Bunu guya PKK-nın müdafiəsi ilə bağlı sənəd kimi qələmə verirlər. O sənəddə PKK sözü işlədilməyib. Həmin sənədin qəbul olunduğu Bratislava yığıncağında Azərbaycanda söz, sərbəst toplaşmaq azadılığının müdafiəsi və demokratiyanın inkişafının zəruriliyi ilə əlaqədar sənəd qəbul olunub. Bu ittifaqın Azərbaycanın mənafelərinə uyğun olan sənədləri var. Seksual azlıqların müdafiəsi məsələsinə gəldikdə isə, Azərbaycanda bu problem yoxdur. Bu problem 1995-ci ildə yeni Konstitusiya qəbul olunarkən həll edilib və seksual azlıqların təqibinə son qoyulub. Bu qəbildən olan insanların həbs edilməsi məsələsi Cinayət Məcəlləsindən çıxarılıb”.
Qeyd edək ki, Nəsib Nəsibli Müsavat Partiyasının Avropa Liberal Demokrat İslahatlar Partiyasına üzvlüyü ilə bağlı yazdığı son məqalədə partiya başqanı İsa Qəmbəri “yanlış hərəkətinə yanlış ideoloji don geyindirməkdə” ittiham edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR