“Azadlıq” bloku “Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyət” mövzusunda dəyirmi masa keçirib

“Azadlıq” bloku “Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyət” mövzusunda dəyirmi masa keçirib
# 06 noyabr 2007 12:03 (UTC +04:00)
“Azadlıq” bloku “Azərbaycanda Prezident seçkiləri öncəsi vəziyyət” mövzusunda bu gün dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə blokun üzvü olan partiyaların rəhbərliyi ilə yanaşı digər siyasi qüvvələrin təmsilçiləri, QHT nümayəndələri və hüquqşünaslar iştirak edib. AXCP sədri Əli Kərimli prezident seçkilərinə bir il müddət qalmasına baxmayaraq, seçki qanununun hələ də dəyişmədiyini bildirib. O, hazırkı siyasi şəraitin siyasi qüvvələrin seçkilərdə iştirakının mümkün olmadığını deyib.
AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli blokun ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı hazırladığı sənədi toplantı iştirakçılarının diqqətinə çatdırıb. Sənəddə Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunla bağlı problemlər olduğu, medianın durumunun narahatlıq yaratdığı vurğulanıb.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib ki, əgər seçki qanunu dəyişməyəcəksə, bəri başdan seçkidə iştirak etməmək lazımdır.
ALP-nin sədr əvəzi Əvəz Temirxan isə hazırlanmış sənəddə ölkədə saxta müxalifətin varlığı qeyd edilərək, bu müxalifəti təmsil edən partiyaların adlarının göstərilməsini təklif edib: “Bu saxtakarlığa qarşı mübarizə aparılmalıdır”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də seçkilərə qatılmamağı təklif edib. Milli Birlik Hərəkatının lideri Lalə Şövkət hər seçkilər öncəsi müxalifətin toplantı keçirib eyni problemləri sadaladığını bildirib: “Artıq saç ağarıb, amma həmin problemlər hələ də qalır. Biz Azərbaycanın durumunu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərlə analiz etdik. Problemlərin həlli üçün hakimiyyətin konkret addımlar atmasına ehtiyac var”. Hərəkat lideri blokun əsas məqsədinin seçkilər olduğunu deyib: “Amma bu cür davam etsə, seçkilərdə iştirak etməyəcəyik”. Dəyirmi Masanın sonunda hazırlanmış sənədin beynəlxalq təşkilatlara göndərilməsi qərara alınıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR