Avropa Şurası və İFES-in nümayəndələri seçki komissiyaları ilə bağlı keçirilən müzakirələrdən razı qalıblar

Avropa Şurası və İFES-in nümayəndələri seçki komissiyaları ilə bağlı keçirilən müzakirələrdən razı qalıblar
# 09 noyabr 2007 15:44 (UTC +04:00)
“Avropa Şurasının Venesiya Komissiyası və İFES-in seçki komissiyalarının tərkibinin formalaşması ilə bağlı keçirdiyi müzakirələr çox məhsuldar oldu”. APA-nın məlumatına görə, bunu Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia dəyirmi masadan sonra keçirdiyi brifinqdə deyib. O bildirib ki, müzakirələrdə müxtəlif təkliflər səslənib və sonrakı mərhələdə AŞ ilə İFES arasında bu təkliflər daha dərindən müzakirə olunacaq. Konkret nəticə əldə olunub-olunmadığı haqda sualı cavablandıran D. Bribosia bu tədbirin danışıqlar prosesi yox, seçki komissiyalarının formalaşması ilə bağlı müzakirələr olduğunu xatırladıb: “İrəli sürülən təkliflər seçki komissiyalarının müstəqilliyi, peşəkarlığı və əhalinin inamını qazanması ilə bağlı olub. Biz yekun sənəd hazırlayıb iştirakçılara təqdim edəcəyik”.
Avropa Şurası Venesiya Komissiyasının üzvü Peter Pakzolay isə Seçki Məcəlləsinə dəyişikliklə bağlı müzakirələrin 2003-cü ildən başladığını söyləyib: “Seçki Məcəlləsini dəyişmək hakimiyyətin səlahiyyətidir. Bizim işimiz məsləhət, ideya verməkdən ibarətdir ki, dəyişikliklər zamanı bunlardan istifadə olunsun”.
İFES-in Azərbaycan üzrə direktoru Den Blessinqton da müzakirələrin məhsuldar keçdiyini vurğulayıb: “Müzakirələrdə tərəflər bir-birinin fikirlərinə hörmətlə yanaşdılar”.
Müzakirələrdə iştirak edən Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov isə deyib ki, toplantıda nə qədər iştirakçı vardısa, bir o qədər təklif səsləndi. “Ümumi rəy haqda onu demək olar ki, iştirakçılar qarşıdan gələn prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirdilər”. Ə. Əhmədovun sözlərinə görə, YAP indiki mərhələdə seçki komissiyalarının tərkibinin dəyişdirilməsinə tərəfdar deyil. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR