Kiyevdə “dondurulmuş münaqişələrə” həsr olunmuş konfransda Azərbaycanı Xarici İşlər Nazirliyinin idarə rəisləri təmsil edəcəklər

Kiyevdə “dondurulmuş münaqişələrə” həsr olunmuş konfransda Azərbaycanı Xarici İşlər Nazirliyinin idarə rəisləri təmsil edəcəklər
# 12 noyabr 2007 14:29 (UTC +04:00)
Noyabrın 14-15-də Kiyevdə “Qara dəniz regionunda təhlükəsizlik və stabillik kontekstində “dondurulmuş” münaqişələrin” nizamlanması” adlı beynəlxalq konfrans keçiriləcək. Ukrayna Xarici İşlər Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycan, Gürcüstan, Moldova, Türkiyə, Bolqarıstan, ABŞ, Litva və digər ölkələrin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Azərbaycanı tədbirdə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar və Xarici Siyasətin Planlaşdırılması İdarəsinin rəisi Tofiq Musayev və Təhlükəsizlik Problemləri İdarəsinin rəisi Qalib İsrafilov təmsil edəcək. Moldovanı konfransda bu ölkənin parlament başçısı Marian Lupu və reinteqrasiya naziri Vasili Şova, Gürcüstanı parlament sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Assambleyasının sədri Nino Burcanadze, xarici işlər nazirinin birinci müavini Nikolos Vaşakadze təmsil edəcəklər. Konfransda Qara dəniz regionunda “dondurulmuş münaqişələr” və onların həlli üçün mövcud olan mexanizmlər, Avropa İttifaqı, ABŞ və Rusiya nümayəndələrinin bu münaqişələrin nizamlanmasına baxışları, qlobal və regional beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT və QDİƏT-in bu münaqişələrin həllindəki rolu, “dondurulmuş” münaqişələrin həllinə Avroatlantik yanaşma və NATO-nun bu işdə rolu mövzusunda müzakirələr aparılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR