Polşada Qafqaz problemlərinə dair konfrans keçiriləcək

Polşada Qafqaz problemlərinə dair konfrans keçiriləcək
# 14 noyabr 2007 09:22 (UTC +04:00)
Polşada Qafqaz problemlərinə dair konfrans keçiriləcək. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, noyabrın 24-25-də Varşavada yerləşən Foksal Mətbuat Mərkəzində “Cənubi Qafqaz millətlərinin birgə mövcud olma məsələləri” adlı konfrans keçiriləcək. Polşa Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi “Cənubi Qafqazdakı yerli təşkilatların gənc liderləri arasında əməkdaşlıq uğrunda” proqramı çərçivəsində keçirilən konfransın təşkilatçısı Polşada fəaliyyət göstərən Ümumi Qafqaz Evi qurumudur. Tədbirdə Qafqaz xalqları arasında əməkdaşlıq problemləri, informasiya siyasəti, regional təhlükəsizlik, qeyri-hökumət təşkilatlarının rolu və s. problemlərə toxunulacaq. Konfransda Azərbaycan, Ermənistan, Gürcüstan və Polşadan olan ictimai xadimlər, jurnalistlər, QHT təmsilçiləri iştirak edəcək. Onların arasında Polşanın Şərqi Avropa Tədqiqatlar Mərkəzinin direktoru Yan Malitski, Polonia TV-nin rəhbəri Aqneşka Romaşevska, professor Tadeuş Svyatoxovski (Kolumbiya Universiteti), Arif Yunus (Sülh və Demokratiya İnstitutu), Rauf Mirqədirov ("Zerkalo" qəzeti), Azad İsazadə (Qadın Krizis Mərkəzi), Nika Çitadze (Gürcüstan Beynəlxalq və Təhlükəsizlik Araşdırma Mərkəzi), Stepan Qriqoryan (Ermənistan Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzi), Albert Voskanyan (Sivil Təşəbbüslər Mərkəzi), Laşa Tuquşi (“Rezonansi” qəzeti) və s. təmsil olunub. Qeyd edək ki, Ümumi Qafqaz Evinin rəhbəri Polşada yaşayan həmyerlimiz Hicran Əliyevadır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR