İbrahim Burhanov: “Ahıska türklərinin 90 faizinin Gürcüstana dönmək üçün maliyyə imkanları yoxdur”

İbrahim Burhanov: “Ahıska türklərinin 90 faizinin Gürcüstana dönmək üçün maliyyə imkanları yoxdur”
# 16 noyabr 2007 12:24 (UTC +04:00)
ATƏT Ahıska türklərinin Gürcüstana repatriasiyası ilə bağlı məsələdə maliyyə dəstəyi ayıracaq donor ölkə və təşkilatların iştirakı ilə tədbir təşkil edəcək. APA-nın məlumatına görə, Azərbaycan Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov bildirib ki, 2007-ci il iyulun 11-də Gürcüstandan zorla köçürülən şəxslərin repatriasiyası haqqında qanunda onlara maliyyə yardımının ayrılması məsələsi nəzərdə tutulmadığı üçün qarşıya bir sıra problemlər çıxıb. Qanunda əmlak hüququna dair müddəanın olmadığını diqqətə çatdıran İ. Burhanov Ahıska türklərinin repatriasiyası ilə əlaqədar yaranan maliyyə problemlərinin həll edilməsi üçün müvafiq işlər görüldüyünü də deyib: “Hər şey Ahıska türklərinin öz çiyinlərinə düşür. Ahıska türklərinin 90 faizinin vətənə dönmək üçün maliyyə imkanları yoxdur. Bu səbəbdən bəzi ölkə və beynəlxalq təşkilatlara müraciət olunacaq. ATƏT-in milli azlıqlar üzrə Ali Komissarlığı da bu məsələdə bizə dəstək verir. Onlar fondun yaradılmasında bizə müvafiq yardım göstərirlər”. İ. Burhanov Azərbaycan hökumətindən də bu məsələdə yardım gözlədiklərini söyləyib: “Azərbaycan hökumətinin bu dəfə də maliyyə yardımı edəcəyinə inanırıq. Çünki Azərbaycan bütün məsələlərdə bizə kömək edib”. Ahıska türklərinin Gürcüstan səfirliklərinə ərizə ilə müraciət etmədiklərini bildirən cəmiyyətin sədri qanunun icrasına 2008-ci il yanvarın 1-dən başlanacağını qeyd edib: “Bundan sonra çoxsaylı Ahıska türkləri Gürcüstan səfirliklərinə müraciət edəcəklər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR