Sabir Rüstəmxanlı: “Dövlət adamlarımız başa düşürlər ki, Türk Birliyinə nail olmasaq, başqalarının yemi olacağıq”

Sabir Rüstəmxanlı: “Dövlət adamlarımız başa düşürlər ki, Türk Birliyinə nail olmasaq, başqalarının yemi olacağıq”
# 28 noyabr 2007 07:46 (UTC +04:00)
- Türkiyədə ən çox mübahisə doğuran “Ceviz kabuğu” proqramında iştirak etdiniz. Hulki Cevizoğlunun suallarına cavab vermək o qədər də asan iş deyil...
- Bir neçə həftə əvvəl “Kanaltürk”lə yayımlanan bu proqrama Bakıdan telefonla qatılmışdım. Sarıqamış Fondunun prezidenti, məşhur cərrah professor Bingör Sönməz və AKP sabiq Balıkəsir millət vəkili Turan Çöməzin iştirak etdiyi proqramda dedim ki, Sarıqamışda türklər ruslara yox, o bölgənin qışına əsir düşüblər. Ruslar o zaman sağ qalan türk əsgərlərinin 8-10 min nəfərini Xəzərdəki Nargin adasına gətiriblər. Burada çox ağır şərait olub, Nəriman Nərimanovun başçılığı altında yaradılan bələdiyyə komissiyası Nargində saxlanan əsirlərlə görüşüb. Nərimanov yazırdı ki, Nargində insanlar ölmək üçün növbəyə dururlar. Nuru Paşa Bakıya gələndən sonra əsirləri Nargindən xilas etmək mümkün olmuşdu. Bakının varlı camaatı onlara çox yardım etmişdi, hətta bu əsirlərdən Bakıda qalanlar da olmuşdu. Məni öz proqramında çıxışa dəvət edən Hulki Cevizoğlu dedi ki, kaş siz Azərbaycanın yox, Türkiyənin millət vəkili olaydınız. Bakıda keçirilən Türk Qurultayından sonra Cevizoğlunun proqramında çıxış etmək təklifini qəbul etdim. Bu çox mühüm qurultay idi, ilk qurultayda olduğu kimi, bu qurultayda da bayram ovqatı vardı. Azərbaycan rəhbərliyi bu işin dəyərini yaxşı anlamışdı. Keçən il Antalyada keçirilən X Türk Qurultayında hörmətli prezident İlham Əliyev Türk və Azərbaycan diaspor təşkilatlarının Bakıda birgə toplantısının Bakıda keçiriləcəyini demişdi, martda bu iş həyata keçirildi. Prezident Əliyev Antalyada verdiyi ikinci sözü də yerinə yetirdi və XI Türk Qurultayı Bakıda keçirildi. Azərbaycan və Türkiyə rəhbərlərinin çıxışları və Şimali Kipr Türk Cümhuriyyəti prezidentinin bu qurultaya dəvət edilməsi Türk Birliyinin nə qədər vacib olduğunu ortaya qoydu. Dövlət adamlarımız başa düşürlər ki, biz bu birliyə nail olmasaq, başqalarının yemi olacağıq. Tarixin bizə verdiyi bu fürsəti qaçırsaq, övladlarımız və gələcək nəsillər bizi bağışlamayacaq. Bakı Qurultayında Orta Asiya dövlətlərinin başçılarının bu toplantıya qatılmamasını pislədim. Qurultaylarda qəbul edilən qərarların bəzilərinin təkrarlanmasını, bir çox qərarın kağız üzərində qalmasını tənqid etdim. Bizim bir çoxumuz hələ də köhnə sovet psixologiyasından xilas ola bilməmişik. Türk Birliyinin yaranmaması üçün böyük dövlətlər MDB və ya GUAM kimi alternativ ittifaqlar yaradırlar. Özbəkistan parlamentinin sədri Xəlilova demişdim ki, Türk Ölkələrinin Parlament Assambleyasını yaratmaq çox vacibdir. O isə cavab vermişdi ki, “Sizi çox gözəl başa düşürəm. Ancaq o bölgədə o qədər ittifaq və təşkilat yaradılıb ki, bu işlərə vaxt ayırmaq olmur”. Prezident İlham Əliyevin çıxışında türk milliyyətçiliyinin önəmi vurğulandı - yəni Sovet İttifaqı kimi kosmopolit bir qurumdan sonra türk milliyyətçiliyinin inkişaf etdirilməsinə ehtiyac var. Azərbaycanda milli dövləti yaradan və böyük bir tarixin simvoluna çevrilmiş siyasi partiyamız bu gün Avropanın qucağına atılır, liberal dəyərlər adı altında aşındırılır və keçmiş missiyası unutdurulur. Ancaq dövlət başçısı İlham Əliyev deyir ki, milliyyətçilik çox önəmli məsələdir. İndi gəl mənim köhnə həmkarlarımın iqtidar uğrunda mübarizəsində xalqdan dəstək istə... Türk dünyasına yayımlanan telekanallar var, ancaq mərkəzi Bakıda olacaq bir kanalın açılması çox mühümdür. Ortaq dil məsələsinə mənim baxışım konkretdir: bunu süni yolla yaratmaq olmaz. Anadolu türkcəsi digər əcnəbi dillər kimi bizim məktəblərdə öyrədilməlidir. 5 ildən sonra bu, hər kəsin anlayacağı dil olacaq. Vaxt keçdikcə Orta Asiya ləhcələrindən də müştərək dilimizə kəlmələr daxil olacaq, başqa dillərdən söz almağa ehtiyac qalmayacaq. Əgər Anadolu ləhcəsində 120-130 min kəlmədən istifadə edilirsə, türk dillərinin hamısında 1 milyondan çox kəlmə var. Baxın-görün, dilimiz bu yolla necə zənginləşəcək. Mükəmməl ədəbi dil formalaşdıra bilərik, ortaq tarix, coğrafiya, fəlsəfə kitabları, Türk dünyasının gələcəyi ilə bağlı əsərlər hazırlaya bilərik.
- Digər türk dövlətləri ilə müqayisədə Türkiyə ilə Azərbaycan arasında münasibətlər daha çoxşaxəlidir. Sizcə, iki ölkə arasında yubanmadan qəbul edilməsi vacib olan daha hansı sazişlərə ehtiyac var?
- Son dərəcə aydın görünən bir mənzərə var: biz heç bir yeni iş görməyib, sadəcə Avropa Birliyi ölkələrinin addımlarını təqlid etməliyik. Azərbaycanla Türkiyə arasında Naxçıvan üzərindən əlaqə var, Gürcüstan da bizim üçün önəmli bir dəhlizdir. Hər iki dövlət atributlarını qorumaq şərti ilə bir an əvvəl inteqrasiya yoluna getməlidir yəni, bayraq qalır, himn qalır, müəyyən qurumlar qalır, ancaq eyni pasportu daşıya bilərik, eyni pul vahidinə keçə bilərik. Bundan dövlətə nə zərər dəyə bilər ki? Bu ittifaq yarandığı andan etibarən dünyanın ən güclü ittifaqlarından birinə çevrilə bilər və dünyanın diqqətini öz üzərində toplayar, Türkiyə və Azərbaycanın bir çox problemləri həll edilər. Biz Cənubi Azərbaycanın adını çəkən kimi İranın xətrinə dəyir. Əgər Cənubi Azərbaycan Türkiyə və Azərbaycanın diqqət mərkəzində olmazsa, 10-15 ildən sonra bu gün Urmiya ətrafına yerləşdirilən terrorçular oraları kürdləşdirməyə çalışacaqlar və ya bölgə tamamilə farslaşacaq. Türkiyə bunun fərqində olmalı və Balkan türklərinə göstərdiyi diqqəti oraya da göstərməlidir. Azərbaycan və Türkiyənin bir arada olması həm də Avropanın, həm də ABŞ-ın mənafeyinə uyğundur. Boru kəmərlərinin buralardan keçməsi bütün Asiyanın təbii sərvətlərinin buradan dünyaya çıxmasına səbəb olacaq. Mən Azərbaycan ilə Türkiyənin birləşməsini qaçılmaz yol sayıram.
- Cənubi Azərbaycan məsələsinin aktuallaşması üçün nə etmək lazımdır? Bu sualı Sizə DAK sədrinin birinci müavini kimi də verirəm...
- İran həmişə dəyir ki, güneylilərin burada hüquqları qorunur, onlar bütün vəzifələrdə təmsil olunurlar. Ancaq vəzifədə olmaq heç nəyi dəyişdirməz. DAK Cənubi Azərbaycanın istiqlaliyyətini tələb edən bir təşkilatdır. Biz o bölgənin problemlərini dünyaya daha geniş şəkildə çatdırmaq istəyirik. BMT Cənubi Azərbaycanı “Öz dövləti olmayan xalqlar” siyahısına daxil edib ki, bu da oranı bizdən ayırmaq deməkdir. Bu, doğru deyil, çünki mən onun, o mənim bir parçamdır. Bizim ən zəif yerimiz - beynəlxalq təşkilatlarla yaxından işləyə bilməməyimizdir. İranda gedən prosesləri ciddi şəkildə izləyirik. Milli şüurun inkişaf etdirilməsi üçün media qurumlarına, kitab və qəzet çapına ehtiyac var. Oranı “İslam cümhuriyyəti” elan etsələr də, Allahın qoyduğu qaydalara qarşı çıxılır və xalqımızın dili assimilyasiyaya məruz qalır. Ancaq Allah oradakı qardaşlarımızı fars yox, türk yaradıb. Bizim dilimizi fars verməyib, Allah veribsə, o vaxt niyə islamçılar Allahın verdiyinə hörmət etmir? Səsimizi ucaldan kimi İran Dağlıq Qarabağ adlı yaramıza barmağını basır, Rusiya o yaraya barmaq basır. Ancaq bu bizi sındırmamalıdır və biz Güneydəki millətimizin taleyini dövlət maraqlarına qurban verməməliyik. Əslində İranın gələcəyi orada Azərbaycanın müstəqillik əldə etməsindən keçir. 1945-1946-cı ildə mövcud olan Cənubi Azərbaycan dövləti farslara bugünkündən daha çox hüquq vermişdi. Bir il ərzində biz göstərdik ki, Avropa standartlarına uyğun dövlət qura bilərik, bunu bacarırıq. Yarım əsrdən artıqdır ki, farslar bizi uçuruma aparır. Demək, onların müasir standartlarda dövlət qurub idarə etmək qabiliyyətləri yoxdur. Ötən əsrin 20-ci illərdə deyirdilər ki, ermənilərə dövlət vermək olmaz, çünki onlar dövlət idarə edə bilməzlər. Ancaq ruslar əhalisinin cəmi 25 faizi erməni olan o torpaqlarda Ermənistan dövləti qurdu. O illərdə avropalılar yazırdı ki, heç bir milli azlığı erməni üsuli-idarəsinə vermək olmaz, çünki ermənilər onlara zülm edəcək. Dövlət idarə etmək əsil-nəcabət, hər kəsə sayğı göstərməyi tələb edir. Dövlət idarə etmək türkə yaraşır, türklər Avropaya, Afrikaya, ərəb ölkələrinə gedib, ancaq heç birinin dilinə, tarixi ənənəsinə toxunmayıb. Ona görə də Osmanlı İmperiyası 600 il yaşayıb. Sənədlər ortaya çıxarılmalı və dünya tarixi həqiqətləri bir daha görməlidir.
- Türk dünyasının fikir adamlarından biri kimi Orta Asiya ölkələrindəki mövcud durumu necə dəyərləndirirsiniz?
- Orta Asiyada da müəyyən qədər tərpəniş var. Əvvəllər oralarda Qarabağın adını çəkənləri həbs edirdilər, demokratik fikirli insanlar ölkəsini tərk etmək məcburiyyətində qalırdı. Vaxt keçdikcə bir çox şey dəyişəcək. Sovet İttifaqından qopan bəzi ölkələr, hələ də Rusiyadan qopa bilməyiblər. Onlar öz ölkələrinin sahibi olduqca Rusiyaya geri dönməyin mümkün olmayacağını anlayacaqlar. Eyni zamanda tək də qalmaq istəməyəcəklər və Türk Birliyinə doğru məsafə qət ediləcək. Orta Asiya ölkələrində dostlarımla görüşəndə görürəm ki, bizdə gedən proseslərin hamısını izləyirlər. Bir ay əvvəl Türkiyənin Elazığ şəhərində da keçirilən Xəzər şeir günlərinə türk dünyasının bütün dünyada tanınan qırğız yazıçısı Çingiz Aytmatovla birgə getmişdik. Orada Çingiz Aytmatova Türk Dünyasına Xidmət Ödülü verildi və adına park açıldı. Görüşlərdə tez-tez ona Nobel mükafatı almamasından təəssüfləndiklərini bildirirdilər. Mən zarafatla dedim ki, Nobel mükafatı Bakı neftinin pulu ilə təsis olunub, biz istəsək, özümüz də belə bir mükafat yarada bilərik. Aytmatov mənin bu fikrimlə razılaşdı. Təbii ki, Çingiz Aytmatov da Avropa və Rusiyanın bizim türk dünyasına olan münasibətindəki soyuqluğunu hiss edir. Halbuki keçmişdə o, sovet ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri sayılırdı və rejimin ən sevilən adamlarındandı. Biz Çingiz bəylə 100 min nəfərlik mitinqdə iştirak etdik. Bu, terroru lənətləyən son dərəcə həyəcanlı bir mitinq idi. Belə şeir günləri və Bakıda keçirilən Türk Dövlət və Topluluqlarının Qurultayı dövlətlərimiz arasında inteqrasiyanı sürətləndirir, Türk dünyasının görkəmli ziyalılarının tez-tez bir araya gəlməsi, arzusunda olduğumuz birlik yolunun aydınlaşmasına xidmət göstərir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR