Nikolay Bordyuja: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ATƏT-lə qarşılıqlı əməkdaşlığının qaydaya salınmasında əsas perspektiv istiqamət münaqişələrin qarşısının alınması ilə bağlıdır”

Nikolay Bordyuja: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ATƏT-lə qarşılıqlı əməkdaşlığının qaydaya salınmasında əsas perspektiv istiqamət münaqişələrin qarşısının alınması ilə bağlıdır”
# 29 noyabr 2007 11:16 (UTC +04:00)
APA-nın Madridə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri ATƏT xarici işlər nazirləri Şurasının bu gün keçirilən toplantısındakı çıxışında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib. Baş katib bu məsələlərdə ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin mütəxəssisləri ilə ekspertlər səviyyəsində müzakirələr aparmağa hazır olduqlarını bildirib. KTMT ilə ATƏT-in antiterror bölmələri arasında qarşılıqlı əməkdaşlığın genişlənməsindən məmnun olduqlarını vurğulayın N. Bordyuja KTMT-nin Düşənbədə keçirilmiş sessiyasında iştirak edən ATƏT-in baş katibi Mark Perrin de Brişambo ilə yaranan əlaqələri də pozitiv qiymətləndirib.
N. Bordyuja ATƏT-in siyasi gələcəyinin, onun Avropa, Avroatlantika və Avrasiyanın təhlükəsizliyində oynayacağı rolun qurumda aparılacaq islahatların effektivliyindən və Madrid toplantısında qəbul olunacaq qərarlardan xeyli asılı olacağını qeyd edib: “Öz növbəsində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr bir neçə konkret təklif irəli sürüb. Bu təkliflər narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə, ATƏT-in Nizamnaməsinin işlənməsi, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun xətti ilə seçkilərin müşahidəsi məsələləri ilə bağlıdır. Bu sənədlərin qəbulu transformasiya yolunda mühüm addım olardı”.
Baş katib Qazaxıstanın 2009-cu ildə ATƏT sədrliyinə namizədliyini dəstəklədiklərini, bunun təşkilatın inkişafına impuls verəcəyinə əmin olduqlarını vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR