Akif Şahbazov: “Qarşıdan gələn prezident seçkilərində Müsavat Partiyasının siyasi dəfninin şahidi olacağıq”

Akif Şahbazov: “Qarşıdan gələn prezident seçkilərində Müsavat Partiyasının siyasi dəfninin şahidi olacağıq”
# 03 dekabr 2007 13:30 (UTC +04:00)
“Arif Hacılı başda olmaqla bir neçə nəfərin ucbatından qarşıdan gələn prezident seçkilərində Müsavat Partiyasının siyasi dəfninin şahidi olacağıq. Buna heç bir şübhə yoxdur. 1992-ci ildə xalqın qurduğu hakimiyyəti daxildən parçalamaqda ustalıq nümayiş etdirən Arif Hacılı və onun kimiləri sonradan bu fəaliyyəti müxalifət daxilinə gətirdilər”. Bu sözləri APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov deyib. Müsavat daxilində baş verən qarşıdurmaların da müəllifinin A. Hacılı olduğunu bildirən A. Şahbazovun fikrincə, bu cür ənənəvi siyasətə görə Müsavat funksionerini “ciddi” siyasətçi hesab etmək olar. O, Müsavat funksionerinin müxalifətçilərin qələbəsini hakimiyyətə sataraq ortaqlıq, saxtakarlıq etməklə xalqın inamının qırılmasında xüsusi rol oynadığını söyləyib. A. Hacılının ACP sədri barəsində “o, arabir müxalifətçi olduğunu xatırlayıb hakimiyyətin apardığı siyasət barədə də mətbuatda fikirlər səsləndirsə, ACP-nin müxalifət partiyası olduğu haqqında cəmiyyətə mesaj vermiş olar” fikrinə cavab olaraq A. Şahbazov bildirib ki, A. Hacılı kimin müxalifətçi olub-olmadığını müəyyənləşdirən xüsusi etalon vahidi deyil: “Bunu ictimaiyyət müəyyənləşdirir. Rəhbəri olduğu partiyada bir neçə nəfərin girovuna çevrilmiş İsa Qəmbərin 2003-cü ildə qazandığı səslərdən 2008-ci ildə qazanacağı səsləri çıxanda arada qalacaq fərq Rəsul Quliyevin hesabına toplanmış səslər olacaq. Rəsul Quliyevin Azərbaycanda nüfuzunu həmin rəqəmlər müəyyənləşdirəcək. Ona görə, Arif Hacılıya tələsməməyi məsləhət görürəm”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə ACP sədrinin dediklərini şərh etməyə ehtiyac olmadığını bildirib: “Bu partiya öz fəaliyyətini Arif Hacılının fəaliyyətini təftiş etməyə yönəldib. Bu isə uğursuz və mənasız işdir. Onlara məsləhət görürəm ki, gedib öz işləri ilə məşğul olsunlar. Bununla bağlı fikirlərimi mətbuata açıqlamışam və hesab edirəm ki, daha ciddi işlərlə məşğul olduğum üçün bu mövzuya bundan artıq enerji sərf etməyim düzgün olmazdı”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR