Norveç xarici işlər naziri: “Azərbaycan azad və müstəqil seçkilər keçirməyə qadirdir” - EKSKLÜZİV

Norveç xarici işlər naziri: “Azərbaycan azad və müstəqil seçkilər keçirməyə qadirdir” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 04 dekabr 2007 10:41 (UTC +04:00)
- Azərbaycanla Norveç arasında iqtisadi, siyasi, sosial və mədəni sahələrdə əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Azərbaycanla Norveç arasında qarşılıqlı münasibətlər ən yüksək səviyyədədir. Bu əməkdaşlıq neft və qaz sektorundan başlayaraq mədəniyyət sahəsində qarşılıqlı mübadiləyə kimi geniş sahələri əhatə edir. Mən azərbaycanlı həmkarım Elmar Məmmədyarovun ölkəmizə səfərini səbirsizliklə gözləyirəm. Biz Azərbaycan hökumətinin ölkələrimiz arasında siyasi münasibətlərin yaxınlaşması, həmçinin kommersiya əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndiririk. Sizi əmin edə bilərəm ki, biz bütün sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə çalışırıq. Norveç 1994-cü ildən Azərbaycanın neft-qaz sektorunda çalışır. Bu gün “StatoilHydro” şirkəti Azərbaycan iqtisadiyyatına ən böyük kapital yatıran ikinci sərmayəçidir, bu şirkət bir neçə əsas neft-qaz layihələrinin, o cümlədən Bakı-Tiflis-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərləri layihələrini həyata keçirilməsinə cəlb olunub. “StatoilHydro” hazırda özünün Xəzər regionunda həyata keçirilən layihələrdə iştirakını genişləndirmək üçün imkanlar axtarır. Norveç eyni zamanda Azərbaycanla Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü sahəsində əməkdaşlığı yüksək qiymətləndirir, çünki biz hazırda beynəlxalq arenada bu təşəbbüsün təbliği üzərində çalışırıq. Biz hesab edirik ki, neft sərvətlərinin doğurdan da Azərbaycanın rifahına xidmət etməsi üçün neft iqtisadiyyatının şəffaflığı həyati əhəmiyyət kəsb edir. Norveç həmçinin Azərbaycanda bir sıra sosial layihələrin həyata keçirilməsi işinə cəlb olunub. 1995-ci ildən ölkənizdə Norveç Qaçqınlar Şurası fəaliyyət göstərir, bu qurum insanların donor qanı ilə təminatı, insan hüquqları sahəsində təhsil, məcburi köçkünlərə leqal məsləhətlər verməklə məşğul olur. Norveç Qırmızı Xaç Komitəsi uzun illərdir ki, ölkənizdə Azərbaycan Qırmızı Aypara Cəmiyyəti ilə birgə fəaliyyət göstərir, bundan başqa Norveç Humanitar Müəssisəsi kənd təsərrüfatı sahəsində gəlirlərin artırılmasına nail olmaq sahəsində çalışır. Əlavə olaraq Norveç səfirliyi yanında yaradılan xüsusi fond yerli təşkilatlara demokratiya quruculuğu, insan hüquqlarının qorunması, mədəniyyət və ekologiya sahələrində dəstək verir. Biz qeyri-hökumət sektorunun dəstəkləməkdə davam edəcəyik və Azərbaycan hökumətinin demokratik islahatlara yönəlik fəaliyyətini alqışlayırıq. Mədəniyyət sahəsində əməkdaşlığa gəlincə, mən Stavanaqerdə Azərbaycanın mədəni irsi və ənənələrinə həsr olunmuş “Karvansaray” sərgisinin açılışını xüsusi qeyd etmək istəyirəm. Bundan başqa, Norveç Dövlət Operası Azərbaycanda çox uğurla çıxış edib. Bu sadaladıqlarım ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edib. Norveç Azərbaycanla elmi tədqiqatlar və təhsil sahəsində də əməkdaşlığı genişləndirməyi arzulayır. Bu kontekstdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bu ilin əvvəllərində ölkəmizə səfər etdiyini xatırlatmaq istərdim.
- Norveç dövlətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?
- Dağlıq Qarabağ münaqişəsi Azərbaycan, eləcə də bütün region üçün bir faciədir. Biz səmimi olaraq inanırıq ki, danışıqların intensivləşməsi qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasına yol açacaq və Cənubi Qafqazda regional əməkdaşlıq üçün yeni əsr başlayacaq. Norveç Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz həmçinin ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması istiqamətində səylərini və iki ölkənin ziyalıları, elm və mədəniyyət xadimləri arasında birbaşa əlaqələrin qurulmasını dəstəkləyirik. Danışıqların hazırkı raundu çox mühümdür, çünki bu dialoq tərəflərdən böyük məsuliyyət tələb edir.
- Norveç Qaçqınlar Şurası gələn il Azərbaycanda fəaliyyətini yekunlaşdıracaq. Bunun səbəbi nədir, qurumun öz fəaliyyətini davam etdirməsi mümkündürmü?
- Norveç Qaçqınlar Şurası müstəqil qeyri-hökumət təşkilatıdır, onlar qərarları müstəqil qəbul etdiklərinə görə, bu qurumun əvəzinə mən heç nə deyə bilmərəm. Azərbaycan inkişaf mərhələsində olan ölkədir. Norveç Qaçqınlar Şurası əsasən qaçqın və məcburi köçkünlərə yardım göstərməklə məşğuldur, Azərbaycanın imkanları genişlənib və hökumət Norveç Qaçqınlar Şurasının fəaliyyət göstərdiyi sahələrdə layihələrin həyata keçirilməsinə xüsusi fondlar ayırmaqdadır. Həllini gözləyən problemlər, məsələn, yetişməkdə olan nəslin sağlamlığı və reduksiya məsələləri Norveç Qaçqınlar Şurasının fəaliyyət dairəsindən kənar sahələrdir. Şuranın həyata keçirdiyi bəzi layihələr ötən il digər agentliklərə transfer olunub və bu layihələrin icrası uğurla davam edir. Məsələn, çeçen qaçqınlara yardım layihəsi Danimarka Qaçqınlar Şurasına verilib, bu qrup insanlara leqal yardımın göstərilməsi isə yerli qeyri-hökumət təşkilatının himayəsi altında həyata keçiriləcək. Hökumət və qeyri-hökumət sektorlarının qaçqınların ehtiyaclarının həlli ilə bağlı imkanlarının genişləndirilməsi zərurətini anlayaraq, Norveç Qaçqınlar Şurası layihələrin transferi imkanlarını öyrənməyi təklif edib. Şura hazırda bu məsələləri Azərbaycan hökuməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə müzakirə edir.
- Azərbaycan və Norveç Diplomatiya Akademiyaları arasında əməkdaşlıq haqqında saziş imzalanıb. İki ölkənin təhsil müəssisələri arasında əməkdaşlığın qurulmasına dair yeni planlar varmı?
- Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Norveçin analoji strukturu arasında əməkdaşlıq mövcuddur və bu əlaqələr inkişaf edir. Mən sizin Diplomatik Akademiyanın rektoru ilə görüşdüm və bu təhsil müəssisəsinin bu qədər sürətlə inkişafından mütəəssir oldum. Diplomatik akademiyalar arasında saziş çərçivəsində Bakıda iki kurs təşkil olunub və bu kimi tədbirlər davam etdiriləcək. Mən hər iki tərəfin diplomatlara treninq keçirilməsi prosesini daha da aktivləşdirməyin yollarını düşünüb tapacağını gözləyirəm. Bundan başqa Azərbaycan Dövlət Dillər İnstitutu ilə Oslo və Aqderdə fəaliyyət göstərən Norveç Beynəlxalq Əməkdaşlıq Mərkəzi arasında əməkdaşlıq imkanları var. Bu əməkdaşlıq nəticəsində azərbaycanlı tələbələr Norveç dilini öyrənə biləcəklər. Həmçinin Xəzər Universiteti ilə Norveç Menecment Məktəbi, Azərbaycan Dövlət Neft Akademiyası ilə Norveç Elm və Texnologiya İnstitutu arasında proqram mübadiləsi var. Mən ölkələrimiz arasında akademik əməkdaşlıq üçün böyük perspektiv görürəm.
- Bəzi Azərbaycan vətəndaşları Norveç ərazisində qeyri-leqal yaşayırlar, onların bəziləri siyasi sığınacaq almağa cəhd göstərib. Norveç hökuməti bu insanlarla necə davranmaq niyyətindədir?
- Əgər siyasi sığınacaq almaq haqqında müraciətə rədd cavabı verilibsə, deməli, həmin şəxs Norveçi tərk etməlidir. Norveç İmmiqrasiya üzrə Direktorluğu araşdırma zamanı müraciət edən şəxsin öz vətənində təqib təhlükəsinin olub-olmamasını, bu şəxsin doğrudan da Norveç dövlətinin köməyinə ehtiyacı olub-olmadığını müəyyənləşdirir. Əgər bu şəxsin köməyə ehtiyacı olmadığı müəyyənləşsə belə, immiqrasiya qurumlarının rəsmi nümayəndələri həmin şəxsin yaşayış yeri ilə təmin olunmasına yardım etmək imkanını nəzərdən keçirirlər. Əgər müraciəti təmin etmək üçün heç bir səbəb tapılmayıbsa, o zaman həmin şəxs Norveçi tərk etməyə məcburdur.
- Norveç hər zaman Azərbaycanda demokratiyanı dəstəkləyib. Azərbaycanda gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı proqnozlarınız necədir? Norveç bu seçkiləri müşahidə etmək üçün nümayəndələr göndərəcəkmi?
- İnanıram ki, Azərbaycan azad və müstəqil seçkilər keçirməyə qadirdir və bunun belə olacağına səmimi qəlbdən ümid bəsləyirəm. Bu, ATƏT və Avropa Şurası ölkələrinin Azərbaycandan gözlədiyi məsələdir. Beynəlxalq prinsiplər əsasında formalaşdırılan qanunvericiliklə azad və ədalətli seçkilərin keçirilməsi istənilən demokratik cəmiyyətin təməl daşıdır. Seçkilərin şəffaf və açıq keçirilməsi - siyasi iradə məsələsidir. Norveçdən olan nümayəndələr əvvəllər də Azərbaycanda keçirilən seçkiləri müşahidə ediblər, əgər, dəvət etsələr, biz 2008-ci il prezident seçkilərini izləməyə müşahidəçilər göndərməyə hazırıq.
- “StatoilHydro”dan başqa hansı Norveç şirkətləri Azərbaycanda fəaliyyət göstərmək niyyətindədir?
- “StatoilHydro” Azərbaycanda fəaliyyət göstərən ən böyük Norveç şirkəti olsa da, belə şirkətlərimiz az deyil. Ölkənizdə həmçinin neft sənayesində çalışan, açıq dənizdə qazma işləri aparan Norwegian Veritas, Aker Kværner, AGR Subsea AS and Nymo şirkətləri fəaliyyət göstərir. Akvamiljo Caspian ekoloji laboratoriyası neft şirkətlərinə və digər şirkətlərə ekoloji icmal və laborator xidmətlər göstərir. Wenaas şirkəti isə mühafizə paltarları və aparatları hazırlamaqla məşğuldur. StatoilHydro şirkəti Azərbaycanda Norveç biznesinin lokomotividir. Əminəm ki, onlar Azərbaycanın neft sektoruna sərmayə yatırmaq istəyən digər Norveç şirkətlərinə yol açacaq və lazımi yardım göstərəcəklər. Lakin çox şey təbii ki, sözün əsl mənasında investisiya mühitindən asılıdır. Məsələn, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü bu sahədə şəffaflığı və beynəlxalq rəqabəti artıra, nəticədə bu, ölkə üçün xeyirli olardı.
- “Nabucco” layihəsinin perspektivləri haqqında nə düşünürsünüz? Sizcə, bu kəmər, həmçinin Azərbaycan qazı Avropa bazarında Norveç qazına rəqib ola bilərmi?
- Hesab edirəm ki, “Nabucco” layihəsi çox maraqlı ideyadır və bu ideya Avropanın enerji təhlükəsizliyini artıracaq. Biz Azərbaycan qazının artıq bu gün Cənubi Qafqaz qaz kəməri vasitəsilə Türkiyəyə, oradan isə Avropaya nəql edildiyini unutmamalıyıq. Burada həlledici məsələ “Nabucco” kimi irimiqyaslı layihənin həyata keçirilməsi üçün lazımi miqdarda qazın olub-olmamasıdır. Norveç və Azərbaycan qazı Avropaya fərqli istiqamətlərdən nəql olunur. Digər tərəfdən Avropanın mavi yanacağa tələbatı hər gün artır və bu baxımdan rəqabət problemi yaranmır.
- Norveç hökuməti GUAM ittifaqının yaranmasını necə dəyərləndirir? Bu təşkilatla əməkdaşlığı düşünürsünüzmü?
- Norveç GUAM-ın qonşu ölkələr arasında sülh və demokratiyaya əsaslanan əməkdaşlıq cəhdlərini alqışlayır və ümid edir ki, bu təşkilat iştirakçı ölkələrin stabil, təhlükəsiz və iqtisadi cəhətdən inkişafına öz töhfəsini verə biləcək. Norveçin Skandinaviya, Pribaltika və digər qonşu ölkələrlə regional əməkdaşlığının uzun tarixi var. Hesab edirik ki, digər regional təşkilatlarla mümkün əməkdaşlıq və təcrübə mübadiləsi Norveç üçün çox maraqlı olardı. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR