Vaşinqtonda “Azərbaycan-Türkiyə-ABŞ münasibətləri və bu münasibətlərin Avroasiya üçün vacibliyi” mövzusunda beynəlxalq konfrans keçirilib

Vaşinqtonda “Azərbaycan-Türkiyə-ABŞ münasibətləri və bu münasibətlərin Avroasiya üçün vacibliyi” mövzusunda beynəlxalq konfrans keçirilib
# 11 dekabr 2007 07:16 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Hudson Universitetinin Avroasiya Siyasəti Mərkəzi, Azərbaycan-Türkiyə İş Adamları Birliyi və Con Hopkins Universitetinin Orta Asiya-Qafqaz Universiteti tərəfindən təşkil olunan konfransda hər üç ölkənin siyasi və biznes elitasının nümayəndələri iştirak ediblər. Konfransda Avroasiya geosiyasəti və əməkdaşlıq ərazisi, enerji təhlükəsizliyi və Cənub Avrasiya dəhlizi mövzularında müzakirələr aparılıb. Konfransda çıxış edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Danel Frid Azərbaycanın regionda oynadığı tarixi roldan danışıb. Dövlət katibinin müavini bəyan edib ki, Azərbaycanın dünyəvi, stabil və iqtisadi cəhətdən inkişafı Orta Asiya dövlətləri üçün nümunə ola bilər. O, buna misal olaraq Sovet İttifaqının süqutundan sonra Polşanın bütün Şərqi Avropa bölgəsi üçün nümunəyə çevrilməsini göstərib: “Azərbaycanda cərəyan edən proseslərin, əldə olunan yeniliklərin 17 milyon azərbaycanlının yaşadığı İranda da islahatların aparılmasına təkan verəcəyinə inanıram”. Azərbaycanın strateji enerji dəhlizinin mühüm hissəsi olduğunu qeyd edən Daniel Frid bu layihəyə Türkmənistanla Qazaxıstanın də cəlb edilməsini vacib sayıb. Dövlət katibinin müavini mövcud olan enerji xətlərinin Cənub və Orta Avropanı yanacaq inhisarından azad etməyə imkan verəcəyini deyib. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə konfransdakı çıxışında əsas diqqəti Azərbaycanla Türkiyənin regionda yaratdığı yeni məkana yönəldib: “Həmin məkanda həm birgə təhlükəsizlik, həm də iqtisadi və ortaq bazar layihələri reallaşdırılır. Bu layihələr həmçinin insanların təhsil səviyyəsinin ciddi artmasına təkan verməlidir. Azərbaycan Avro-Atlantik məkana daxil olanda təkcə enerji resurslarına deyil, insan amilinə də arxalanmalıdır”. Azərbaycan-Türkiyə iş Adamları Birliyinin (ATİB) sədri Əhməd Erentok isə çıxışında Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı məsələlərinə həsr olunub: “Ədalətsiz 907-ci düzəlişin aradan qaldırılması istiqamətində Konqreslə görüləsi işlər var. Həmin sənədin icrasının prezident Corc Buş tərəfindən dondurulmasından əvvəl ümumiyyətlə Konqresin həmin qanuna xitam verilməsinə nail olmaq lazımdır”. Əhməd Erentok erməni diasporunun hər iki ölkəyə qarşı apardığı siyasətə ciddi müqavimət vaxtının yetişdiyini qeyd edib: “Bu tip konfranslar ənənəvi hal alacaq. Böyük ehtimalla ikinci belə beynəlxalq konfrans gələn il Bakıda keçiriləcək”. Qeyd edək ki, “Azərbaycan-Türkiyə-ABŞ münasibətləri və bu münasibətlərin Avroasiya üçün vacibliyi” beynəlxalq konfransında Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin, Türkiyə ordusunun baş qərargah rəisinin keçmiş müavini, ordu generalı Çevik Bir, Türkiyənin ABŞ-dakı səfiri Nəbi Şensoy, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, ölkəmizin Los-Ancelesdə baş konsulu Elin Süleymanov, Milli Məclisin münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov çıxış ediblər. ABŞ tərəfdən konfransda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin müavinin müşaviri Metyu Brayza, Con Hopkins Universitetinin Orta Asiya-Qafqaz Universitetinin direktoru Frederik Starr, Hudson Universitetinin Avroasiya Siyasəti Mərkəzinin rəhbəri Zeyno Baran və digər şəxslər qatılıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR