Georgi Jvaniya: “Əminliklə deyə bilərəm ki, qardaşım Zurab Jvaniya öldürülüb” EKSKLÜZİV

Georgi Jvaniya: “Əminliklə deyə bilərəm ki, qardaşım Zurab Jvaniya öldürülüb”  <font color=#FF0000>EKSKLÜZİV</font>
# 17 dekabr 2007 10:06 (UTC +04:00)
- Prezident seçkilərində niyə məhz Badri Patarkasişvilinin namizədliyini irəli sürmüsünüz?
- Hazırda Gürcüstan tarixində çox ağır bir dövrdür. Bu dövrdə hər bir şəxs siyasi aktivlik göstərməlidir. Biz indiyə qədər getdiyimiz yolun demokratiyaya, milli və Avropa dəyərlərinə söykəndiyini, Qərbə inteqrasiya yolunu tutduğumuzu düşünürdük. Lakin hakimiyyətdəki şəxslərin verdikləri vədlərin yalan olduğu üzrə çıxdı. Son aylar baş verən hadisələr onların maskalarını cırıb atdı. Mən ümumiyyətlə, siyasətdən uzaq insanam. Heç bir partiyanın üzvü olmamışam. Hətta qardaşım sağ olanda belə siyasi cəhətdən aktivlik göstərməmişəm. Lakin son dövrlər baş verən hadisələr məni fəallaşmağa vadar etdi. Məncə, Patarkasişvili öz xalqı üçün çox şeylər edə bilər. O, yalnız maddi cəhətdən deyil, eyni zamanda intellektual baxımdan da yüksək səviyyəli bir şəxsiyyətdir. Patarkasişvilinin malik olduğu əlaqələr Gürcüstan üçün çox vacibdir. Badri Gürcüstanda söz azadlığının mövcudluğu üçün çox çalışdı, sahibi olduğu “İmedi” telekanalı da bu yolda addımlayırdı. Lakin hakim elita onun belə cəhdlərinin qarşısını almağa çalışırdı və bir müddət buna nail ola bildi. Ancaq şükürlər olsun ki, xalqın tələbi ilə “İmedi”nin fəaliyyəti bərpa olundu. “İmedi”nin yayımının qarşısını almaq üçün Badriyə külli miqdarda vəsait təklif olunsa da, o, əqidəsinə və prinsiplərinə sadiq qaldı.
- Bu gün müxalifətin əsas məqsədi ilk növbədə mövcud iqtidardan yaxa qurtarmaqdır. Bu baxımdan bütün qüvvələrin bir cəbhədə birləşməsi daha məqbul olmazdımı?
- Hazırda müxalifətdən olan müxtəlif qruplaşmalarla danışıqlar gedir. Bizim belə bir niyyətimiz var ki, bu birləşmə baş tutsun və seçkilərdə bütün müxalifəti yeganə namizəd təmsil etsin. İlk növbədə, bütün qüvvələrin bir nəfərin ətrafında birləşməsi lazımdır. Bu birləşmənin baş tutub-tutmayacağını indidən demək çox çətindir.
- Bu yaxınlarda parlamentdə Badri Patarkasişvilinin digər namizəd Levan Qaçeçiladzenin seçki kampaniyasını maliyyələşdirdiyi barədə fikirlər səsləndi...
- Bu belə deyil, Badri Patarkasişvili Levan Qaçeçiladzeyə heç bir maddi yardım göstərməyib. Badri demişdi ki, müxalifəti maliyyələşdirəcək, Qaçeçiladzeni yox...
- Seçkilərə çox az qalsa da, Badri Patarkasişvilinin seçki kampaniyası nədənsə çox zəif gedir...
- Vaxt az olsa da, Patarkasişvili seçicilərinin qarşısına çox ciddi hazırlanmış seçki platforması ilə çıxmaq istəyir. Hazırda seçki platformasının hazırlanması sonuncu mərhələdədir. Bundan sonra biz daha aktiv seçki kampaniyası aparacağıq. Fikrimcə, Patarkasişvilinin qalib gəlmək şansı çox yüksəkdir. Çünki o, xalqa başqa namizədlərin edə bilməyəcəyi təkliflər edəcək. Bu gün keçirilən sorğularda Mixail Saakaşvili və Levan Qaçeçiladze reytinqinə görə Badrini qabaqlayır. Amma biz hələ xalqa real heç nə təklif etməmişik. Başqa namizədlər isə maksimum təkliflərlə çıxış ediblər.
- Patarkasişvilinin seçki platformasında milli azlıqların hüquqlarının qorunacağı barədə fikirlər yer alıb. Burada söhbət həm də Gürcüstanda yaşayan azərbaycanlılardan, yarım milyon səsdən gedir...
- Fikrimcə, vətəndaşları milliyyətinə və dininə görə bölmək düzgün deyil. Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası üçün əlimizdən gələni edəcəyik. Bu gün onların gürcü dili ilə bağlı çox böyük problemləri var. Saakaşvili milli azlıqlar üçün vədlər versə də, onların hamısı söz olaraq qaldı. Biz isə vədlərimizi əməllərimizlə yerinə yetirəcəyik.
- Patarkasişvilinin Gürcüstana qayıtması nə vaxt baş tutacaq?
- Bu, hazırda çox təhlükəli addımdır. Patarkasişvilinin şəxsən özü Gürcüstana qayıtmaqda israrlıdır. Qanunvericiliyə görə, onun heç bir problemi yoxdur, prezidentliyə namizəd kimi toxunulmazlıq hüququna malikdir. Amma Badri Patarkatsşvilinin vətənə dönməsi üçün hakim dairə qarantiya verməlidir, əks təqdirdə istənilən provokasiyanı gözləmək olar. Son hadisələr də göstərir ki, iqtidar Patarkasişvilidən qorxur. Hakimiyyətdəkilər bir nömrəli rəqiblərinin Badri Patarkasişvili olduğunu gizlətmir.
- Qardaşınız Zurab Jvaniyanın müəmmalı ölümü ilə bağlı aparılan araşdırmalar nə yerdədir?
- Formal olaraq araşdırma davam edir, lakin heç bir aktiv hərəkət yoxdur. Hakim partiya qardaşımın ölümündən sonra məhz qanunvericilikdə etdiyi dəyişikliklə bu prosesin sonsuza qədər uzadılmasına nail oldu. Nə qədər hakimiyyət dəyişməyib, bu təhqiqat ölü nöqtədən tərpənməyəcək. İndiki hakimiyyət olmasaydı, bu işin üstü çoxdan açılmışdı.
- Belə çıxır ki, qardaşınızın ölümündə əsas rolu hakimiyyətin oynadığını iddia edirsiniz?
- Əminliklə deyə bilərəm ki, qardaşım təsadüfən ölmədi, öldürüldü. Bu qətlin arxasında şəxsən kimin durduğunu isə araşdırma göstərəcək. İrakli Okruaşvilinin bəyanatından sonra bu hadisə ilə bağlı onunla görüşmək istədim, amma həbs olunduğuna görə görüşümüz baş tutmadı. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR