Millət vəkilləri Ermənistanda “Azərbaycan həftəsi”nin keçirilməsinə etiraz edirlər

Millət vəkilləri Ermənistanda “Azərbaycan həftəsi”nin keçirilməsinə etiraz edirlər
# 18 dekabr 2007 12:13 (UTC +04:00)
Belə hallara münasibətinin mənfi olduğunu deyən millət vəkili Zahid Orucun fikrincə, gün gələcək Azərbaycanda da “Ermənistan günləri” keçiriləcək: “Artıq ermənilər sərbəst şəkildə Azərbaycana gəlib-gedə biləcəklər. Bu çox anormal bir şeydir. Belə səfərlərin qarşısının alınması ilə bağlı qanun qəbul edilməlidir”. Deputat Azay Quliyev Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin mətbuata açıqlamasında dolayısı ilə belə səfərlərə və tədbirlərə haqq qazandırdığını söyləyib: “Başa düşmürük ki, vahid siyasət nədən ibarət olmalıdır. Bir tərəfdən Türkiyəyə deyirik ki, Ermənistanla sərhədlərini açmasın, digər tərəfdən özümüz ermənilərlə münasibət yaradırıq, ora gedib-gəlirik”. Millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, müvafiq dövlət qurumları bu məsələyə münasibət bildirməlidir. İran İslam İnqilabının Mühafizə Korpusu - “SEPAH”la əməkdaşlıqda təqsirləndirilən dəstə üzvləri ilə bağlı Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata toxunan deputat qeyd edib ki, Azərbaycanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb: “Əslində bu addımı ilk olaraq, Azərbaycan atmalı idi. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməlidir. Digər tərəfdən, son vaxtlar bəzi mətbuat orqanlarında yüksək vəzifəli məmurların PKK ilə əlaqədə olduğu barədə xəbərlərə yer verilir. Qeyd olunur ki, Abdulla Gülün Azərbaycana səfəri zamanı həmin dövlət məmurları MTN-ə çağırılaraq dindirilib. Belə qeyri-ciddi məlumatlara münasibət bildirilməlidir”. Deputat Pənah Hüseyn Qurban Bayramı münasibəti ilə jurnalistlərin əfv olunmasını vacib sayıb. Milli Məclisin vitse-spikeri Bahar Muradova isə jurnalistlərin fəaliyyətlərinə görə yox, əməllərinə görə həbs olunduğunu bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR