ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola MSK sədri Məzahir Pənahovla görüşüb

ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola MSK sədri Məzahir Pənahovla görüşüb
# 18 dekabr 2007 15:32 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə qurumlar arasındakı əməkdaşlıq müzakirə edilib. X. Luis Herrero ATƏT-in MSK ilə daim əməkdaşlıq etdiyini və bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib. O, 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla maraqlanıb, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu seçkiləri müşahidə edəcəyini bildirib. Səfir qeyd edib ki, ATƏT müşahidəçiləri Azərbaycana gələnə qədər qurumun bir sıra proqramları var və bunu MSK ilə birgə həyata keçirmək niyyətindədirlər. MSK sədri Məzahir Pənahov isə öz növbəsində ATƏT-lə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını deyib. Növbəti prezident seçkilərinə hazırlıqların bir müddət əvvəldən başlandığını deyən M. Pənahov bu prosesin gələn il daha da sürətlənəcəyini qeyd edib. Seçkilərə hazırlıq məqsədi ilə o, DSK-lar üçün yeni binaların tikildiyini, seçki komissiyalarının üzvləri üçün kursların təşkil olunduğunu, bu ilin əvvəlində seçici siyahılarının dəqiqləşdiyini və gələn il bu prosesin yenidən təkrar olunacağını vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR