Ayaz Rüstəmov: “Səhhətimdə olan problemlər partiya sədri kimi fəaliyyət göstərməyimə mane olurdu”

Ayaz Rüstəmov: “Səhhətimdə olan problemlər partiya sədri kimi fəaliyyət göstərməyimə mane olurdu”
# 25 dekabr 2007 13:29 (UTC +04:00)
O, iki ilə yaxın sədr, altı ay isə sədr əvəzi kimi fəaliyyət göstərdiyini, son vaxtlar isə səhhətindəki problemlərlə əlaqədar partiyada mütəmadi ola bilmədiyini qeyd edib. A. Rüstəmov hazırda partiyada heç bir vəzifəsinin olmadığını, AMİP-də yalnız sıravi üzv olaraq qaldığını deyib. Bundan sonra atılacaq addımlara gəldikdə, A. Rüstəmov partiyanın Nizamnaməyə uyğun idarə ediləcəyini bildirib: “Partiyanı Mərkəzi Şuranın sədri və baş katib idarə edəcək. Mən özüm vaxtilə Mərkəzi Şuranın sədri olaraq yarım il müddətində AMİP sədrini əvəzləmişəm. Təbii ki, partiyanın qurultayı keçiriləcək, amma bu bir qədər vaxt aparacaq. Qurultay keçirilməsi barədə Siyasi Şurada qərar qəbul olunmalı, Mərkəzi Şura qurultayın vaxtını müəyyənləşdirməlidir. Partiya sədrliyinə namizədlər olacaq, amma mən indidən bu barədə nə isə demək istəmirəm. Kimin namizəd olacağını və sədr seçiləcəyini zaman göstərəcək”. Etibar Məmmədovun yenidən AMİP sədri olması ehtimalına gəlincə, A. Rüstəmov bunun qeyri-mümkün olduğunu deyib: “Etibar bəy özü sədrlikdən getməsinin səbəblərini bildirib və düşünmürəm ki, o, yenidən AMİP-ə sədrlik etsin”. AMİP lideri Etibar Məmmədov APA-ya açıqlamasında A. Rüstəmovun istefasında qeyri-adi hərəkət olmadığını deyib. Onun sözlərinə görə, A. Rüstəmov məhz səhhətində yaranan problemlərlə əlaqədar partiya rəhbərliyinə müraciət edib: “Müraciət müzakirə ediləcək və Nizamnaməyə uyğun qərar qəbul olunacaq. Mənim Ayaz Rüstəmovun səhhətindəki problemlərlə bağlı məlumatım vardı. O, müraciətində də bildirib ki, səhhətindəki problemlər tam gücü ilə işləməyə imkan vermir. Təbii ki, səhhətindəki problemlər tam gücü ilə işləməyə imkan vermədiyinə görə həmin vəzifədə qala bilmir. Səhhətindəki problemlər son dövrlər daha çox hiss olunurdu”. E. Məmmədov da AMİP-də bundan sonrakı proseslərin Nizamnamə çərçivəsində cərəyan edəcəyini qeyd edib. O, AMİP sədrinin istefasının partiyanın fəaliyyəti üçün heç bir problem yaratmadığını vurğulayıb. AMİP lideri özünün sədrliyə qayıtmaq ehtimalının olmadığını da deyib: “Partiyanın qurultayı sədr məsələsini Nizamnaməyə uyğun olaraq həll edəcək”.
AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov A. Rüstəmovun müraciətinin Siyasi Şuraya daxil olduğunu, amma müraciətə baxılmadığını deyib: “Hələ müraciətə baxılmadığı üçün Ayaz bəy sədr sayılır. Siyasi Şuranın növbəti iclasında bu məsələyə baxılacaq və müvafiq qərar qəbul olunacaq. Ayaz Rüstəmovun istefası partiyada elə bir problem yaratmayıb və problem yaradacağını da düşünmürəm”. Ə. Orucov növbəti qurultayın Nizamnaməyə uyğun olaraq təyin ediləcəyini və sədr məsələsinin burada öz həllini tapacağını bildirib. Ə. Orucov da E. Məmmədovun sədrliyə gətirilmək ehtimalının olmadığını deyib: “Bu gün o, ən yüksək postadır, partiyanın lideridir. Etibar bəy partiyanın idarə olunmasını gənclərə həvalə edib. Ayaz Rüstəmovun istefası qəbul olunmaya da bilər, bu, Siyasi Şuranın qərarından asılıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR