Bahar Muradova: “Venesiya Komissiyası ilə aparılacaq müzakirə nəticəsində daha təkmil qanun layihəsinin ortaya çıxacağını güman edirəm”

Bahar Muradova: “Venesiya Komissiyası ilə aparılacaq müzakirə nəticəsində daha təkmil qanun layihəsinin ortaya çıxacağını güman edirəm”
# 07 fevral 2008 12:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında sabah aparılacaq müzakirələr nəticəsində daha təkmil bir qanun layihəsinin ortaya çıxacağını güman edirəm. Milli Məclis də həmin nəticəyə uyğun hərəkət edəcək”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. O, qanunla bağlı bir sıra təkliflər irəli sürüldüyünü və Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının vaxtının 2 aya endirilməsi təklifi ilə çıxış etdiyini xatırladıb: “Amma bunun qəbul edilib-edilməyəcəyi barədə indidən fikir söyləmək çətindir. Seçki komissiyalarının tərkibi də müzakirə edilə bilər. Yekunda tərəflərin hər birini qane edən qərar qəbul olunacaq”. Müzakirələrə siyasi partiyaların dəvət edilməməsinə toxunan B. Muradova hesab edir ki, müzakirənin hazırkı formatda aparılması daha məqsədəuyğundur: “Çünki hər siyasi partiya müzakirələrdə öz maraqlarının reallaşmasına çalışacaq. Amma bizə seçki prosesinin şəffaf, rahat keçirilməsini təmin edən layihə lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR