Ahıska türkü olan 31 ailə Azərbaycandan Gürcüstana köçüb

Ahıska türkü olan 31 ailə Azərbaycandan Gürcüstana köçüb
# 08 fevral 2008 08:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədov APA. Azərbaycanda yaşayan və Ahıska türkü olan 31 ailə Gürcüstana qayıdıb. Azərbaycan Ahıska Türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burhanov APA-ya bildirib ki, həmin ailələr Ahıskada (Samtsxe-Cavaxetiya) müxtəlif kənd və qəsəbələrdə məskunlaşıblar və dövlət qurumları da onları problemsiz qeydiyyata salıb. İ. Burhanov 1944-cü ildə Ahıska türklərinin zorla köçürülməsindən sonra 82 kəndin boş qaldığını söyləyib: “Biz bu kəndlərin hər birində olmuşuq. İndi dünyaya səpələnən Ahıska türklərinin sayı bir neçə dəfə artıb. Vətənə dönmək istəyənlərin sayı isə az deyil. Ona görə də dövlətdən torpaq alıb, əlavə qəsəbələrin salınmasını məqsədəuyğun hesab edirik”. İ. Burhanov Gürcüstan hökumətinə bu təkliflə müraciət edəcəklərini açıqlayıb: “Bu, ən optimal variantdır. Çünki Ahıska türklərinin ata-baba evlərində yaşayan qeyri millətlərin nümayəndələrinin oradan çıxarılmasını istəmirik. Zaman keçdikcə bizimkilər vətənə dönəcək və bütün məsələlər mərhələ-mərhələ öz həllini tapacaq”.
Qeyd edək ki, 1944-cü il noyabrın 15-də SSRİ Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalinin və Gürcüstan rəhbərliyinin təşəbbüsü ilə Gürcüstanda 224 kənddə məskunlaşan 100 minə yaxın Ahıska türkü Qazaxıstan, Özbəkistan və Qırğızıstana sürgün olunub. Sürgün prosesi zamanı 17 minə yaxın ahıskalı türk soyuqdan, aclıqdan və digər səbəblərdən dünyasını dəyişib. 2007-ci il iyulun 11-də Gürcüstan parlamenti ölkədən zorla köçürülən şəxslərin repatriasiyası haqqında qanun qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR