Rüstəm Şahsuvarov: “Azərbaycandakı kommunist partiyalarının əksər rəhbərləri elə düşünür ki, Moskvasız yaşamaq olmaz”

Rüstəm Şahsuvarov: “Azərbaycandakı kommunist partiyalarının əksər rəhbərləri elə düşünür ki, Moskvasız yaşamaq olmaz”
# 08 fevral 2008 13:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. “Azərbaycanda fəaliyyət göstərən kommunist partiyalarının rəhbərlərinin əksəriyyəti elə düşünür ki, Moskvasız yaşamaq olmaz. Kommunistlər ancaq Gennadi Züqanovla birgə olmalıdırlar”. Azərbaycan Kommunist Partiyasının (AKP) qanadlarının birinin keçmiş sədri Rüstəm Şahsuvarov APA-ya bildirib ki, bu yanlış yoldur və onlar Azərbaycanın müstəqilliyini qəbul etməlidirlər. R. Şahsuvarov vaxtilə təmsil olunduğu partiyadan uzaqlaşdırılmasının əsl səbəbinin bu amillə bağlı oldu]unu deyib: “Rauf Qurbanovun Rusiya Federasiyası Kommunist Partiyasının rəhbərliyi ilə əlaqələrinin daha yaxşı olması AKP-də qısqanclıqla qarşılandı. Bundan sonra partiyada əlaqələrin pisləşməsində günahı olan müqəssir axtarışına çıxdılar. Müqəssir isə partiyanın sədri oldu. Yəni, Rüstəm Şahsuvarov. Bu xəstə təfəkkür isə partiyada qarşıdurma yaratdı”. R. Şahsuvarov Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Züqanovla birgə olmamaqda ittiham olunduğunu da söyləyib: “Maraqlıdır ki, müqəssir Moskvada axtarılmadı. Bildirildi ki, guya mən Moskva ilə münasibətləri korlamışam. Halbuki məsələdə başqa cürdür və Moskva sadəcə Rauf Qurbanovu seçib. Bu məsələdə şəxsi münasibətlər daha üstün tutuldu. Bu tərəf isə məni müqəssir seçdi və bütün günahları üstümə yıxaraq, məni sədrlikdən uzaqlaşdırdı”. Qeyd edək ki, partiya sədri Rüstəm Şahsuvarov təşkilatın rəhbərliyindən getmək istəyi ilə bağlı AKP Siyasi Bürosuna müraciət edib. Yanvarın 26-də R. Şahsuvarovun iştirakı olmadan keçirilən Büro iclasında onun vəzifədən çıxarılması haqda qərar qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR