Arif Hacılı: “ADP-nin kütləvi aksiya keçirmək imkanı olsaydı, bu metoddan imtina etməzdi”

Arif Hacılı: “ADP-nin kütləvi aksiya keçirmək imkanı olsaydı, bu metoddan imtina etməzdi”
# 11 fevral 2008 14:08 (UTC +04:00)
Bakı. Fərid Əkbərov APA. “Azərbaycan Demokrat Partiyasının çoxminli kütləvi aksiyalar keçirmək imkanı olsaydı, bu metoddan imtina etməzdi”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, Azərbaycanda mövcud olan siyasi şəraitdə kütləvi aksiyaların keçirilməsi ən effektiv mübarizə formalarından biridir: “Çünki hakimiyyət siyasi qüvvələrlə zor dili ilə danışır. Müxalifət isə Konstitusiya və qanunlar çərçivəsində fəaliyyət göstərir. Konstitusiyanın siyasi qüvvələrin hakimiyyətə təzyiq və ya hakimiyyətin təzyiqlərinə müqavimət üçün verdiyi əsas effektiv qanuni imkan isə kütləvi aksiyadır. Ona görə də biz kütləvi aksiyalar keçirməkdən imtina etmək niyyətində deyilik. Düşünürəm ki, hansısa siyasi qüvvələr bu mübarizə üsulundan effektiv olmadığı üçün imtina etdiklərini bildirərkən qeyri-səmimidir”.
ADP sədrinin birinci müavini Həsrət Rüstəmov isə A. Hacılının dediklərində həqiqət olduğunu bildirib. Kütləvi aksiyalardan tam imtina etmədiklərini deyən H. Rüstəmov hazırda ADP-nin kifayət qədər sanballı, ictimai rəyə təsir edəcək aksiyalar keçirmək imkanına malik olmadığını etiraf edib. “Hələlik kütləvi aksiyalar keçirməyi məqsədəuyğun saymırıq. Biz kütləvi aksiyalardan siyasətin üsulu kimi yararlanmağın tərəfdarıyıq. Yəni istənilən vaxt, yeri gəldi-gəlmədi aksiyalar keçirməyin tərəfdarı deyilik”. H. Rüstəmov ADP-nin 2003-cü və 2005-ci illərdə olduğu kimi kütləvi aksiyalar keçirmək gücündə olmadığını söyləyib: “Hazırda nəinki ADP-nin, heç bir müxalifət partiyasının, o cümlədən Müsavatın da çoxminli aksiya keçirmək imkanı yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR