Qüdrət Həsənquliyev: “Azərbaycanın “Təhsil haqqında” qanun layihəsi geriyə addımdır”

Qüdrət Həsənquliyev: “Azərbaycanın “Təhsil haqqında” qanun layihəsi geriyə addımdır”
# 12 fevral 2008 10:29 (UTC +04:00)
- Partiyanızda prezident seçkilərinə hazırlıqlar başlayıbmı?
- Demək olar ki, bütün partiyalarda prezident seçkilərinə hazırlığa start verilib. Bizim partiyanın mayda qurultayı keçiriləcək. Burda da seçkilərdə hansı formada iştirak edəcəyimizlə bağlı qərar qəbul edəcəyik. Biz seçkidə öz namizədimizlə də iştirak edə bilərik, başqa bir namizədi də dəstəkləməyimiz mümkündür. Amma bütün hallarda seçkilərdə iştirakımız mütləqdir.
- Növbəti dəfə partiya sədrliyinə və prezidentliyə namizdəliyinizi irəli sürəcəksiniz?
- Qurultayda partiya sədrliyinə namizədliyimi irəli sürməyi nəzərdə tuturam. Amma prezidentliyə namizədlik məsələsinə qurultay qərar verəcək. Prezident seçkilərində iştirakla bağlı qurultayın keçirildiyi vaxt ölkədə yaranacaq siyasi situasiyanın da öz rolu olacaq.
- Bəzi partiyaların boykotla bağlı təkliflərinə münasibətiniz necədir?
- Məncə, partiyaların seçkilərdə iştirakı zəruridir. Təbii ki, bunu söyləyən partiyaların da öz arqumentləri var. Biz də hesab edirik ki, Azərbaycanda demokratiya ilə bağlı problemlər var, demokratiyanın inkişaf səviyyəsi arzu olunan deyil, bunu hətta iqtidar da etiraf edir. Amma bizim mövqeyimiz ondan ibarətdir ki, siyasi partiya vəziyyətdən asılı olmayaraq, seçkilərdə iştirak etməlidir. Seçkiyə hər bir Azərbaycan vətəndaşı qatılmalıdır. Hər bir vətəndaş və partiya seçkilərin şəffaf keçirilməsinə töhfəsini verməlidir ki, seçkinin nəticələri səsvermədə iştirak edən vətəndaşların real iradəsini ifadə edə bilsin.
- Mətbuatda növbəti prezident seçkilərindən sonra koalision hökumətin formalaşdırılacağı ilə bağlı məlumatlar əksini tapıb. Sizə belə bir təklif gəlibmi?
- Sözün düzü, bu məlumatın haradan qaynaqlandığını bilmirəm. Amma mən bəzən YAP funksionerlərinin açıqlamalarına baxıram, onlar prezident seçkilərində namizədləri qalib gələndən sonra nəinki kimisə hökumətlərində görürlər, hətta namizədlərini YAP-dan kənarda kimlərinsə dəstəkləməsinə belə qısqanclıqla yanaşırlar. Həm də Azərbaycan prezident respublikasıdır. Burada hökuməti prezident formalaşdırır. Bu prosesdə iştirak etməyin yeganə yolu seçkilərdə qalib gəlməkdir. Lakin prezident hökuməti formalaşdırarkən digər partiyaların kadr potensialından da yararlana bilər.
- Sizcə, bu gün YAP-ın və müxalifət partiyalarının ayrı-ayrılıqda proseslərə təsir imkanları nə qədərdir?
- Əslində bugünkü hökumət idarəetməsinin, demək olar ki, YAP-a dəxli yoxdur. O səbəbdən bu gün YAP-çı funksionerlərin böyük iddialardan xəbər verən açıqlamalarla çıxış etmələri də düzgün deyil. Müxalifətin isə missiyası daha çox xalqın, dövlətin mənafeyi ilə bağlı problemli məsələlərə münasibət bildirmək, onları medianın, cəmiyyətin gündəminə daşımaqdır. Onsuz da bizim parlamentdə elə bir səs çoxluğumuz yoxdur ki, hansısa qanunların qəbuluna, ya da qarşısının alınmasına təsir edə bilək. Məsələn, bu gün ordu və ya sosial məsələlər, “Təhsil haqında qanun”la bağlı problemlər xalqı narahat edir. Biz bunu hökumət, parlament qarşısında qaldırırıq, amma bunu araşdırmaq, qərar vermək yenə də hökumətin üzərinə düşür.
- Sizin parlamentdə kəskin etiraz etdiyiniz məsələlərdən biri də “Təhsil haqqında” qanun layihəsi ilə bağlı olub...
- Bu qanun layihəsi geriyə doğru atılan addımdır. Layihədə ümumi orta təhsilin 11 ildən 9 ilə endirildiyi göstərilib. Bu isə, ümumiyyətlə, Azərbaycan Konstitusiyasına ziddir. Çünki Konstitusiyada göstərilib ki, ümumi orta təhsil ali təhsilə qədər olan hissədir. Amma 9 illik təhsillə ali təhsil müəssisəsinə qəbul olunmaq mümkün deyil. Konstitusiyada həm də ali təhsilə qədər olan hissənin məcburi olduğu da qeyd edilib. İndi bunu 9 ilə endirirlər, sabah 4 və ya 7 ilə də endirə bilərlər. Birinci ziddiyyət və geriləmə bundan ibarətdir. İcbari təhsilin müddətinin azaldılması cəmiyyəti geriyə aparacaq.
İkincisi, layihədə bugünkü qəbul qaydalarına dəyişiklik edilməsi ilə bağlı müddəalar var. Bugünkü qəbul qaydalarına toxunmaq doğru deyil, çünki bu qaydalar cəmiyyətin etimadını qazanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da dövlət qurumu kimi xalqın inamına qazana bilib. Eyni zamanda magistraturaya qəbulun aparılmasının yenidən universitetlərə verilməsi nəzərdə tutulur. Bu da neqativ hallardan biridir, rüşvət mənbəyi yaradır. Biz təkcə ali məktəblərə qəbulu yox, həm də buraxılış imtahanlarını TQDK-ya etibar etməli olduğumuz halda, geriyə addımlayıb köhnə qaydalara qayıdırıq. Pullu təhsildən gələn vəsaitin xərclənməsinin birbaşa ali məktəblərin səlahiyyətinə verilməsi də düzgün deyil. Çünki əksər ali məktəbdə o gəlirləri boyaya verib divara sürtməklə böyük vəsaitlər siləcəklər. Bu, indidən aydındır. Bu, vəsaitdən istifadənin prinsipləri müəyyənləşməli və qanunda əksini tapmalıdır. Məncə, qanunda universitetlərin özəlləşdirilməsi, tədricən onlara büdcədən vəsait ayrılmasının dayandırılması məsələsi də yer almalıdır. Daha sonra savadı olub, amma maddi imkanı olmayan tələbələrə dövlət uzunmüddətli yardımlar ayırmalıdır. Tələbə bu vəsaiti alıb oxumalı, sonra da onu işləyərək maaşından ödəməlidir. Bu, həm də tələbənin daha yaxşı oxuması və gözəl mütəxəssis olması üçün stimul olar. Təəssüf ki, müasir dünyada geniş yayılan bu praktika ilə bağlı müddəa da qanunda yoxdur. Layihədə universitetlərin elmi şuralarına rektorların seçilməsi ilə bağlı səlahiyyət verilməsi də əksini tapmayıb. Heç olmasa, rektorluğa namizədlərin təqdimatını Təhsil Nazirliyi yox, universitetin kollektivindən formalaşmış Elmi Şura seçə bilərdi. Çünki o Elmi Şuranın üzvləri işlədikləri təhsil müəssisəsini kimin idarə edə biləcəyini daha yaxşı bilərlər. Qanun layihəsində ən qorxulu məsələlərdən biri peşə məktəbini yüksək qiymətlərlə bitirən şəxslərin ali məktəblərə güzəştlə daxil olması ilə bağlı müddəadır. Hamı Azərbaycanda peşə məktəblərinin səviyyəsini, onların formal xarakter daşıdığını bilir. Bu, müddəa sadəcə əlavə rüşvət mənbəyidir.
- Siz həm də hicabla bağlı müddəanın qanundan çıxarılmasına kəskin etiraz etdiniz...
- Ən qəbuledilməz məsələ hicabla bağlıdır. Bu məsələ qanun layihəsinə daxil edilib, sonra isə ordan çıxarılır. Əvvəla, gərək bu maddə qanun layihəsinə daxil edilməməyəydi, daxil edilmişdisə, sona qədər də saxlanılmalı idi. Bir gün əvvəl komissiyanın iclasında 40 deputat bu müddəanın lehinə səs verir, bir gün sonra isə parlamentin iclasında sədr Şəmsəddin Hacıyevə deyir: “Sizə deyildi axı, bu maddəni çıxarın” və maddə çıxarılır. Bunun layihəyə daxil edilməsinin lehinə səs verən deputatların biri də etiraz bildirmir. Bu müddəanın qanuna salınıb, sonradan oradan çıxarılması din adı ilə spekulyasiya edən qüvvələrə əlavə stimul verdi. Bir-iki nəfərin hökuməti ekstremizmlə hədələməsinə görə, hicab məsələsində güzəştli mövqe tutmaq lazım deyildi. Təbii ki, bu məsələdə İranın qonşu dövlət olması, Türkiyədə islamçıların hakimiyyətdə qalması faktoru da rol oynadı, amma Azərbaycan geri çəkilməməli idi. Çünki indiki zamanda din bizdə şüurlu və elmi öyrənilib qəbul olunmur. Bu, daha çox xarici faktorla, sektaların əhalinin aşağı təbəqəsini yoxsul olmasından istifadə edib insanları təsir altına alması prosesidir. Adamlar baş verən özbaşınalıqlara qarşı mübarizə aparmağa özlərində güc tapmadıqları üçün ümidlərini Allaha bağlayırlar. Azərbaycanda din cəmiyyətə xeyirxahlıq, ədalət aşılamaq əvəzinə cəhalət gətirir. Məsələn, bu gün Nardaran kəndi şəriət qanunları ilə idarə olunur və indiyə kimi orda bələdiyyə seçkiləri keçirmək mümkün olmayıb. Orada balaca uşaqları da qara çadralara büküblər. Biz Türkiyənin faktiki iki hissəyə bölünən cəmiyyətini görüb prinsipiallıq nümayiş etdirməli idik. Heç kimin Azərbaycan Konstitusiyasını pozmağa ixtiyarı yoxdur. Konstitusiyada yazılıb ki, hər kəsin əqidə azadlığı tanınır. Amma bu qanunları pozmaq şərti ilə ola bilməz. Konstitusiyada qeyd olunub ki, Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. Təhsilin dünyəviliyi o demək deyil ki, burada fizika və riyaziyyat fənləri öyrədilir. O adamlar baş örtüyünü soyuqdan qorunmaq üçün bağlamırlar, bu, bir dini geyim formasıdır. Azərbaycanın təhsil müəssisəsinə dini geyimdə gəlmək bu ölkədə təhsilin dünyəviliyinə xələl gətirmək deməkdir. Təhsil birbaşa dövlətin nəzarətində olduğuna görə, təhsil müəssisəsinə dini atributlarla gəlmək olmaz. Mən təklif etmişəm ki, qanun layihəsində Azərbaycanın ali məktəbinin özünün geyim formasının olması barədə müddəa olmalıdır. Bu, təkcə dini geyimə deyil, həm də ifrat açıq-saçıq geyimə də aiddir. Təhsil müəssisəsinin özünün xüsusi geyim forması olmalıdır, bunun müəyyənləşdirilməsi səlahiyyəti də qanunla müəssisələrin özünə verilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR