Sabir Rüstəmxanlı DAK-ın qurultayına qarşı çıxanları xəyanətdə ittiham edib

Sabir Rüstəmxanlı DAK-ın qurultayına qarşı çıxanları xəyanətdə ittiham edib
# 06 may 2008 15:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) sədrliyinə iddia edən Sabir Rüstəmxanlı DAK İdarə Heyətinə, təşkilat üzvlərinə və diaspor təşkilatlarına müraciət edib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Rüstəmxanlı müraciətində DAK-da gedən neqativ proseslərin aradan qaldırılması məqsədilə bir sıra zəruri addımlar atdığını bildirib: “DAK-da bu ilin fevralında yaranan böhranı aradan qaldırmaq və təşkilatı növbədənkənar qurultaya aparmaq üçün İdarə Heyətinin əksəriyyətinin təkidi ilə sədr seçildim. Avropada yaşayan güneyli dostlarımla, diaspor təşkilatları ilə, vaxtilə inciyib DAK-dan ayrılan ziyalılarımızla əlaqə saxladım. DAK İdarə Heyətinin razılığı ilə qurultayın yeri və vaxtı müəyyənləşdi. Belə bir məqamda iki ay öncə təkidlə Qulamrza Səbri Təbrizini sədrlikdən çıxaran və məni xahiş-minnətlə sədr seçən İdarə Heyəti üzvlərindən bir-ikisi ortaya düşdü ki, qurultaya getməyək, birləşək. Ancaq heç kəs birliyin konkret modelini göstərmir”. Qurultaya qarşı çıxan şəxsləri İH-nin qərarını pozmaqda və xəyanətdə ittiham edən S. Rüstəmxanlı öz mövqeyindən geri çəkilməyəcəyini açıqlayıb: “Ömrünü Azərbaycanın müstəqilliyi və bütövlüyü ideallarının reallaşmasına sərf edən adam kimi sizlərə müraciət edirəm: hamınızı bütün diaspor təşkilatlarını, o cümlədən Demokratik Dünya Azərbaycanlıları Konqresini, Güney Azərbaycan Milli Oyanış Hərəkatını, dərnəkləri Kölndə keçiriləcək növbədənkənar qurultayımıza dəvət edirəm. Qulamrza Səbri Təbrizi də gəlsin, gözümüz üstdə yeri var! Mən ömrüm boyu milli birlik tərəfdarı olmuşam, ancaq DAK hər inciyib gedənin dalınca sürünüb, hər küsənlə yeni qurultay çağıra bilməz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR