Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi: “Bakı meri seçki yolu ilə seçilməlidir”

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi: “Bakı meri seçki yolu ilə seçilməlidir”
# 27 may 2008 16:31 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli APA. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin yeni seçilmiş prezidenti, türkiyəli Yavuz Mildon və qurumun baş katibi Ulrix Boner mətbuat konfransı keçiriblər. APA-nın Avropa bürosunun xəbərinə görə, Y. Mildon yaxın vaxtlarda Cənubi Qafqaz bölgəsinə səfər edəcəyini, bu səfər çərçivəsində Azərbaycanı da ziyarət edərək ölkədəki vəziyyətlə tanış olacağını bildirib: “Azərbaycanda yerli demokratiyanın vəziyyətinə gəlincə, deməliyəm ki, bu sahədə çoxlu görüləsi iş qalıb. Bununla belə, Azərbaycan yerli özünüidarəetmə Xartiyasından irəli gələn öhdəliklərinə tam uyğunlaşmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycanda bizi maraqlandıran ən birinci məsələ yerli assosiasiyaların yaradılması idi. Norveç Bələdiyyələr Assosiasiyasının köməyi ilə bu işin öhdəsindən lazımınca gəldik. Bildiyiniz kimi, milli assosiasiyalar bizim konqresin həqiqi tərəfdaşlarıdır. Artıq Azərbaycanda bizim tərəfdaşlarımız var və biz ölkədə yerli və regional demokratiyanın inkişafını yaxından izləyirik. Mən şəxsən Azərbaycanla işləməyə həmişə hazıram. Azərbaycan hökuməti ilə hər zaman xoş niyyətli təmaslarımız olub, bundan sonra da bu işi davam etdirəcəyik. Çünki dünyanın inkişaf etdiyi bir vaxtda yerli demokratiyaları da inkişaf etdirmək lazımdır. Yəni 30-40 il əvvəl, yaxud Azərbaycanın Avropa Şurasına üzv olduğu vaxtla indiki dövr eyni deyil. Hesab edirəm ki, bunu Azərbaycandakı həmfikirlərimiz də çox yaxşı anlayır. Əgər Azərbaycandan bizə hər hansı məlumat gələrsə, bu müraciətlərə baxmağa hər zaman hazırıq”. Azərbaycanın AŞ Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin seçilməsi prosedurunda yaranmış problemlərə toxunan Y. Mindol hələlik Azərbaycan nümayəndə heyətinin təmsilçiliyini qəbul etdiklərini, amma hər hansı çatışmazlıqlar varsa, bunların həllini tələb edəcəklərini vurğulayıb.
Konqresin baş katibi Ulrix Boner isə Cənubi Qafqazın hər üç ölkəsində yerli demokratiyanın inkişafı üçün kifayət qədər iş apardıqlarını söyləyib: “Azərbaycana nisbətən digər iki ölkə daha çox inkişaf edib. Bu da əsasən konqresin baza prinsipi olan şəhər merlərinin seçilməsi sahəsindədir. Əvvəl bununla bağlı hər üç ölkədə problem var idi. İndi Tiflisdə seçilmiş mer fəaliyyət göstərir. Ermənistanda Konstitusiyaya dəyişiklik edildikdən sonra növbəti il İrəvan meri seçilməlidir. Azərbaycanda isə indiyədək Bakı meri ölkə rəhbərliyi tərəfindən təyin edilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR