Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2017-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclası keçirilib.
MSN-dən APA-ya verilən məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda 2017-ci ilin birinci rübü üzrə nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.
Kollegiyada bildirilib ki, hesabat dövründə nazirliyin müəssisələrində 2017-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.
Hesabat dövründə müdafiə təyinatlı məmulatların yaradılması üzrə nazirliyin Elmi-Tədqiqat İnstitutu (ETİ) və Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən dövlət sifarişi xətti ilə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla davam etdirilib: “Ümumilikdə, cari ildə nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılır”.
Kollegiyada qeyd olunub ki, ölkə başçısının müvafiq göstərişi ilə beynəlxalq müdafiə sərgilərinin iştirakçısı və təşkilatçısı olan MSN-nin müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulatın cari il mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sərgisində nümayişi nəzərdə tutulur.
Kollegiya iclasında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənilib və müəssisələrin fəaliyyətləri müzakirə edilib.
Nazir hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib.
Y. Camalov ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.