Baş nazir: Azərbaycan regiona inkişaf üçün yeni imkanlar gətirib

Baş nazir: Azərbaycan regiona inkişaf üçün yeni imkanlar gətirib
# 14 oktyabr 2023 11:12 (UTC +04:00)

Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçib.

APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.

“Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı.

Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi”, - o, əlavə edib.

Baş nazir qeyd edib ki, 1918-ci ildən başlanan 105 illik Respublika tariximizə ən möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi:

“XXI əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib. Hamımız yaxşı xatırlayırıq ki, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi Prezident vəzifəsində cənab İlham Əliyevin qəbul etdiyi ilk mühüm qərar olub. Belə ki, Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoymuş, sosial-iqtisadi inkişafın real dinamikasını təmin edib”.

Əli Əsədov deyib ki, bu Fərmanın davamı olaraq Prezidentin 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramı qəbul edilib

"Bu proqramlar çərçivəsində 100 mlrd. manatdan çox investisiya qoyulub ki, bunun nəticəsində regionlarımızın siması başdan-başa dəyişib" - o əlavə edib.

Baş nazir deyib ki, “Əsrin müqaviləsi” ilə Xəzər hövzəsini xarici investorlar üçün açan, Xəzərlə Qara dəniz və Aralıq dənizini birləşdirəcək enerji infrastrukturunun əsasını qoyan Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yaranan imkanlar qarşıya qoyulan genişmiqyaslı vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün mühüm zəmin yaratdı:

“2006-cı il iyulun 13-də Heydər Əliyevin adını daşıyan nəhəng Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin ilin dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi”, - Baş nazir qeyd edib.

Əli Əsədovun sözlərinə görə, sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı:

“2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR