BMTM-nin şöbə müdiri: Azərbaycanın Cümhuriyyət dövrünün xəritələrini əsas götürmə haqqı var

Cavid Vəliyev

© APA | Cavid Vəliyev

# 12 yanvar 2024 11:01 (UTC +04:00)

“Azərbaycanın Ermənistanla sərhədlərin müəyyənləşməsində Xalq Cümhuriyyəti dövrünün xəritələrini əsas götürmə haqqı var”.

Bunu APA-ya açıqlamasında Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin (BMTM) xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev bildirib.

Cavid Vəliyev deyib ki, antiterror əməliyyatından sonra Ermənistan silahlıları, sadəcə, Azərbaycan ərazisindən çıxardılmadı, eyni zamanda, diplomatik müzakirələrdə Ermənistanın əlindən güclü bir vasitə alınmış oldu: “Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozaraq silahlılarını Azərbaycan ərazisindən çıxartmadı. Məqsədi Azərbaycanla davam edən diplomatik müzakirələrdə bu silahlıları bir vasitə olaraq istifadə etmək idi və edirdi. Bu şəkildə diplomatik müzakirələri uzadırdı. Bunu Ermənistanın dəstəkçiləri də istifadə edirdilər. Ermənistanın heç bir qanun pozuntusunu gündəliyə gətirmədən bütün tələblərini Azərbaycana istiqamətləndirirdilər. Lakin, əlbəttə, Azərbaycan Ordusunun antiterror əməliyyatına qədər keçirdiyi kiçik əməliyyatlar onların hərəkət sahəsini daraltmışdı. Nəticədə 19 sentyabr antiterror əməliyyatından sonra Ermənistan silahlıları, sadəcə, Azərbaycan ərazisindən çıxardılmadı, eyni zamanda, diplomatik müzakirələrdə də Ermənistanın əlindən güclü bir vasitə alınmış oldu”.

BMTM-nin şöbə müdiri qeyd edib ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini əldə edən dövlətlər arasında sərhədlərin müəyyənləşməsi üçün görüşlər başlayıb: “Sovet İttifaqının daxili qərarları ilə, bəzən də Azərbaycanın etirazlarına baxmayaraq, fərqli bəhanələrlə Azərbaycan torpaqları Ermənistana verildi. Digər tərəfdən, Ermənistan Azərbaycan ərazisini işğal etdiyi üçün sərhədlər müəyyənləşmədi. İşğal dövründə Ermənistan işğal etdiyi əraziləri “de-fakto” öz ərazisi kimi istifadə etdi. İki ölkənin sərhədləri də müəyyənləşmədiyinə, yəni tərəflər sərhədlərin müəyyənləşməsi üçün hər hansı bir müqaviləyə imza atmadığına görə yenidən bu prosesi müzakirə etməlidir. Ermənistanın hər hansı bir dövrün xəritəsini əsas alma haqqı olduğu kimi, bizim də istədiyimiz dövrün xəritəsini əsas alma haqqımız var. İndi müstəqillikdən sonrakı dövrdə bizim Konstitusiyamızda qeyd edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Odur ki, Azərbaycanın Ermənistanla sərhədlərin müəyyənləşməsi zamanı qanuni olaraq AXC dövrünün xəritələrini əsas götürmə haqqı var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR